Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)

31 Oktyabr 2026 00:21

Polşada Konstitusiya Tribunalı ətrafında kəskin siyasi münaqişə pik həddə çatıb. Ölkə Seyminin deputatları və müxalifət nümayəndələri Baş nazir Donald Tusku dövlət çevrilişinə cəhd etməkdə ittiham edirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Polşanın Baş naziri və Aİ-nin fəal tərəfdarı olan Donald Tuskun göstərişi ilə polis qüvvələri Varşavadakı Konstitusiya Tribunalının binasına qanunsuz daxil olub və binaya aparan yolları mühasirəyə alıblar.

Seym deputatlarının "X" sosial şəbəkəsində verdiyi bəyanata görə, Tusk hökumətinin adından hərəkət edən qüvvələr qanunla təyin olunmuş hakimlərin və tribunalın sədr müavininin iş yerlərinə girməsinə mane olurlar. Eyni zamanda, məhkəmə binasının rəsmi mühafizə xidməti də vəzifəsindən kənarlaşdırılıb və ofislərdə axtarışlar aparılır.

Qeyd edək ki, sözügedən ali orqan qəbul edilən qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaq və onları ləğv etmək səlahiyyətinə malikdir.

"Onet" nəşrinin məlumatına görə, hadisə baş verən zaman Seneqalda rəsmi səfərdə olan Polşa Prezidenti Karol Navrotski səfərini təcili yarımçıq saxlayaraq təyyarənin geri qaytarılması əmrini verib. Təcili şəkildə Varşavaya qayıdan dövlət başçısı Donald Tusk hökumətini açıq şəkildə dövlət çevrilişinə cəhddə ittiham edib. Navrotski bildirib ki, hakimiyyət orqanları bu qanunsuz addımı atmaq üçün qəsdən onun ölkədən kənarda olmasını gözləyiblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)