Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar.
Milli.Az həmin 5 tövsiyəni təqdim edir:
Akkumulyator və elektrik sistemi
Şaxtalı hava akkumulyatorun yükünü artırır. İşə salınarkən çətinlik çəkən və ya istismar müddəti bir neçə ili keçmiş akkumulyatorlar mütləq texniki servisdə test edilməlidir.
Təkərlərin vəziyyəti və təzyiqi
Yağışlı və buzlu yollarda protektorun dərinliyi nizamlı yoxlanılmalıdır. Qış təkərləri yalnız qarda deyil, aşağı temperaturlarda da yolu tutma qabiliyyətini artırır. Təkər təzyiqi istehsalçının təyin etdiyi standartda saxlanılmalıdır.
Görünüş sahəsi və işıqlandırma
Şüşəsilənlərin (dvornik) zədəsiz olması və iz qoymaması vacibdir. Şüşəyə şaxtaya dözümlü qış şüşəyuyan mayesi tökülməli; fənərlər, stoplar və dönmə işıqları qüsursuz işləməlidir.
Antifriz və soyutma mayesi
Mühərrik blokunun çatlaması və böyük təmir xərclərinin qarşısını almaq üçün soyutma mayesinin donma dərəcəsi ölçülməlidir. Müxtəlif növ antifrizləri bir-birinə qarışdırmaq olmaz.
Təcili yardım və qış avadanlıqları
Avtomobilin baqajında buzqazıyan, qar fırçası, işıqəksetdirici jilet, fənər və əlcək saxlanılmalıdır.
Uzaq yola çıxan sürücülər isə yanlarında yorğan, powerbank və akkumulyator üçün "prikurka" naqili götürməli, yola çıxmazdan əvvəl maşının üstündəki qar və buzu tam təmizləməlidirlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)