Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür.
Milli.Az xəbər verir ki, yunun tərkibindəki liflər sürtündükcə kənara çıxıb bir-birinə dolaşır və kiçik diyircəklər əmələ gətirir. Bu tiftikləri əllə çəkib qoparmaq altda qalan lifləri boşaldaraq geyimin deformasiyasını sürətləndirir. Ona görə də tiftikləri kəskin bir alətlə nəzarətli şəkildə kəsmək parça bütövlüyünü qoruyur.
Ülgüclə doğru təmizləmə qaydası:
Tiftiklənmiş geyimi bərk və hamar bir masanın üzərinə tam dartılmış (hamar) şəkildə sərin.
Bir və ya iki bıçaqlı adi ülgücü geyimin lifləri istiqamətində, dar bucaq altında yuxarıdan aşağıya doğru yavaşca sürüşdürün.
Ülgücün parçanın toxumasına deyil, yalnız səthdəki tiftiklərə dəyməsinə diqqət edin. Bıçağı geyimə dik tutmaq və ya üzərinə güc tətbiq etmək olmaz.
Bu yüngül əl hərəkəti sayəsində yun, trikotaj və kaşmir geyimlər heç bir zədə almadan pürüzsüz və təmiz görünüş qazanır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)