100 yaşı olan bu binalarda yaşamaq sakinlər üçün hər gün təhlükə ilə üzləşmək deməkdir. Divarlarında iri çatlar əmələ gəlib, daxildə isə döşəmələr çürüyür.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Məhərrəm Abışov küçəsi 6 ünvanından gedir.
Sakinlər deyirlər ki, tikililər taxta və qamışdan inşa edilib. İstismar müddəti çoxdan başa çatsa da, burada hələ də onlarla ailə yaşayır.
Fasad boyunca uzanan iri çatlar binanın vəziyyətini açıq şəkildə göstərir. Daxildə isə taxta pilləkənlərdən istifadə etmək belə çətinləşib. Sakinlər bildirirlər ki, külək əsəndə, yağış yağanda binanın ayrı-ayrı hissələrində qopmalar və uçqunlar baş verir. Bu isə binada yaşayanların təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır.
Məsələ ilə bağlı 147 saylı mənzil-kommunal istismar sahəsinə müraciət etdik. Qurumdan bildirildi ki, həmin binalarda hazırki vəziyyətdə hər hansı iş görmək mümkün deyil.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)