ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)

30 Oktyabr 2026 17:24

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisi və Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin Ağsu rayonundan keçən hissəsində həyata keçirilən iri həcmli işlərlə yerində tanışlıq məqsədilə mediatur təşkili edib.

Mediaturda televiziyaların, xəbər saytlarının nümayəndələri, blogerlər iştirak edib. Media nümayəndələrinə hər iki layihə üzrə aparılan tikinti işləri, layihələrin texniki göstəriciləri və nəzərdə tutulan nəticələr barədə ətraflı məlumat verilib.

2 günlük təşkil edilən mediaturun birinci günü Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisi çərçivəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Yengicə su anbarının tikintisi Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı"na uyğun olaraq nəzərdə tutulub.

Qəbələ rayonu ərazisində, Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçayın birləşdiyi hissədə inşa edilən su anbarının ümumi həcmi 17,5 milyon kubmetrdir. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr təşkil edir.

Layihənin icrası nəticəsində rayon üzrə ümumilikdə 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu ərazilərin 3 388 hektarında su təminatı yaxşılaşdırılacaq, 6 612 hektarında isə yeni suvarma həyata keçiriləcək.
Yengicə su anbarının tikintisinə 2024-cü ildə başlanılıb və hazırda işlər davam etdirilir.

Media nümayəndələri Şirvan suvarma kanalının tikinti meydançasında da olublar. Onlara məlumat verilib ki, Şirvan suvarma kanalının təməli 16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Hazırda istifadə olunan Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. 65 ildən artıq istismar müddətində aparılan əsaslı təmir işlərinə baxmayaraq, torpaq məcrasında baş verən dəyişikliklər və hidrotexniki qurğuların istismar imkanlarının azalması su itkilərinin artmasına səbəb olub.

Layihənin əsas məqsədi Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarında yerləşən əkinə yararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaqdır. Layihə çərçivəsində yeni suvarma sistemlərinin yaradılması hesabına 105 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması nəzərdə tutulur.

Yeni Şirvan suvarma kanalının ümumi uzunluğu 204 kilometr, maksimal suötürmə qabiliyyəti isə saniyədə 180 kubmetr təşkil edəcək. Kanal boyunca müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisi də həyata keçirilir.

Layihənin icrasına 2024-cü ildə başlanılıb. Hazırda tikinti işləri dörd mərhələ üzrə davam etdirilir. İnşası nəzərdə tutulan 171 hidrotexniki qurğudan 110-da tamamlama işləri aparılır. Ümumilikdə, kanalın 134 kilometr hissəsində qazıntı işləri görülüb, 113 kilometr hissəsi beton üzlüklə örtülüb.

Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Media nümayəndələri hər iki layihə çərçivəsində görülən işləri əks etdirən reportajlar hazırlayaraq müxtəlif media orqanları, sosial şəbəkələr vasitəsilə ictimaiyyəti ətraflı məlumatlandırıblar.