Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)

30 Oktyabr 2026 16:20

Azərbaycan Milli Xalça Muzeyində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" layihəsi çərçivəsində "Xalçalar diyarı" adlı sərgi açılıb.

Sərgi Azərbaycan xalça sənətinin zəngin irsini müasir bədii yanaşmalarla bir araya gətirərək ənənə ilə innovasiya arasındakı yaradıcı dialoqu nümayiş etdirir.

Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsi, müasir rəssamlar Mədinə və Nərmin Nəcəffin, eləcə də xalça mütəxəssisi Yaşar Malfouzinin əsərləri təqdim olunur.

Lətif Kərimovun 120 illik yubileyi münasibətilə sənətkarın müəllifi olduğu iki eskiz əsasında ilk dəfə toxunmuş relyefli ipək xalçalar sərginin diqqətçəkən nümunələri sırasında yer alır. Onun zəngin yaradıcılıq irsinə müasir baxış Azərbaycan Milli Xalça Muzeyi və HUG.art platformasının birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal sənət müsabiqəsinin qaliblərinin əsərləri ilə davam etdirilir.

Ekspozisiyada Mədinənin və Nərmin Nəcəffin rəsm əsərləri əsasında toxunmuş yeni xalçalar da yer alır. Bu əsərlər təsviri sənətlə ənənəvi toxuculuq arasında mükəmməl yaradıcı əlaqəni, xalçanın müasir bədii ifadə vasitəsi kimi geniş imkanlarını nümayiş etdirir.

Sərgidə həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan XIX əsr nümunəsi olanBakıya aid "Quşlu" xalçası əsasında hazırlanmış relyefli xalça, eyni zamanda, Yaşar Malfouzinin müəllifi olduğu iki relyefli xalça təqdim olunur.

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" layihəsi çərçivəsində Əməkdar rəssam Faiq Əhmədin muzeydə davam edən "Faiq Əhməd: 2011-2024-cü illər dövrü" sərgisi də 3 yeni əsərlə zənginləşdirilib.

Sərgi noyabrın 29-dək davam edəcək.