Fransada komendant saatı elan edildi

30 Oktyabr 2026 15:59

Fransanın Buş-dü-Ron departamentində oktyabrın 31-də baş tutacaq etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Departamentin prefekti aksiyalar ərəfəsində yetkinlik yaşına çatmayanlar üçün komendant saatı tətbiq edilməsi barədə qərar qəbul edib.

Məhdudiyyət Marselin də daxil olduğu departamentin bir sıra rayonlarını əhatə edəcək. Qərara əsasən, həmin ərazilərdə uşaqların və yeniyetmələrin küçələrdə hərəkətinə icazə verilməyəcək.

Bununla yanaşı, etiraz aksiyaları ilə bağlı yalnız əvvəlcədən rəsmi qaydada elan edilmiş toplantıların keçirilməsinə icazə veriləcək.

Fransanın daxili işlər naziri Loran Nunyes isə oktyabrın 31-də ölkə üzrə keçiriləcək aksiyalar zamanı asayişin qorunması üçün 70 min hüquq-mühafizə orqanı əməkdaşının səfərbər ediləcəyini açıqlayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)