Rusiyanın bir sıra bölgələrində siçan qızdırmasına yoluxma hallarının artması qeydə alınıb. Son məlumatlara əsasən, müxtəlif ərazilərdə 1 500-dən çox insan bu infeksiyaya yoluxaraq tibbi yardım üçün müraciət edib.
Yoluxma halları Nijni Novqorod və Saratov vilayətlərində, eləcə də Tatarıstan, Başqırdıstan və Udmurtiya respublikalarında qeydə alınıb. Ümumilikdə 1 512 nəfərdə infeksiya təsdiqlənib.
Xəstəliyin yayılmasının əsas səbəblərindən biri payız aylarında gəmiricilərin yaşayış məntəqələrinə və evlərə üz tutmasıdır. Soyuq havaların yaxınlaşması ilə siçanlar isti yerlərə sığınmağa çalışır. Bu isə insanların gəmiricilərin ifrazatları ilə təmas riskini artırır.
Mütəxəssislər bildirirlər ki, infeksiyaya xüsusilə bağ evlərinin təmizlənməsi, həyətlərdə və digər ərazilərdə xəzəllərin yığışdırılması zamanı yoluxmaq mümkündür. Gəmiricilərin ifrazatları ilə çirklənmiş tozun havaya qalxması virusun insan orqanizminə daxil olmasına səbəb ola bilər.
Siçan qızdırmasının əsas əlamətləri yüksək hərarət, baş, qarın, bel və əzələ ağrılarıdır. Bəzi hallarda üz və bədənin yuxarı hissəsində qızartılar da müşahidə olunur.
Yoluxma riskini azaltmaq üçün mütəxəssislər qapalı və uzun müddət istifadə edilməyən məkanları təmizləyərkən qoruyucu maskalardan istifadə etməyi tövsiyə edirlər. Gəmiricilərə, onların yuvalarına və ifrazatlarına çılpaq əllə toxunmaq olmaz. Təmizlikdən sonra əllərin yaxşı yuyulması və dezinfeksiya edilməsi də vacibdir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)