Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti Zaur Rzayev 74 yaşında vəfat edib. Özünəməxsus ifa tərzi, məlahətli səsi və sevilən mahnıları ilə musiqi tariximizdə iz qoyan sənətkar uzun illər həm mülki, həm də hərbi musiqi sahəsində fəaliyyət göstərib.
Milli.Az xəbər verir ki, Zaur Əlihüseyn oğlu Rzayev 28 yanvar 1952-ci ildə Kürdəmir rayonunun Karrar kəndində anadan olub. O, uşaqlıq illərini Hacıqabulda keçirib. Burada 5 nömrəli orta məktəbdə təhsil alan gələcək sənətkar səkkizinci sinfi bitirdikdən sonra Bakıya köçüb.
Zaur Rzayev əvvəlcə Bakı Kitabxanaçılıq Texnikumunda, daha sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olaraq musiqi təhsilini davam etdirib. Müxtəlif dövrlərdə görkəmli xanəndələr Xan Şuşinski və Hacıbaba Hüseynovdan dərs alıb.
Sənət fəaliyyətinə gənc yaşlarından başlayan Zaur Rzayev Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblında solist kimi çıxış edib. Daha sonra Azərbaycan Dövlət Mahnı Teatrında fəaliyyət göstərib. 1970-ci illərdən etibarən özünəməxsus səsi və ifaçılıq üslubu ilə geniş dinləyici kütləsinin rəğbətini qazanıb.
Sənətkarın həyatında hərbi musiqi fəaliyyəti də xüsusi yer tutub. O, 1976-cı ildə Bakı Zabitlər Evində xidmətə başlayıb, burada solist və Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. 1994-cü ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Zaur Rzayevin adı ilə bağlı maraqlı hadisələrdən biri də ona hərbi rütbənin verilməsi ilə əlaqədardır. Belə ki, Respublika Sarayında keçirilən konsertlərdən birində sənətkar tamaşaçılara çavuş kimi təqdim edilib. Tədbirdən sonra Heydər Əliyev onun hərbi rütbəsi ilə maraqlanıb. Müğənninin ali musiqi təhsili nəzərə alınaraq ona kapitan rütbəsinin verilməsi barədə göstəriş verilib.
Geniş repertuara malik sənətkar "Dilbərim", "İl nə gözəldir", "Könlüm səndən ayrılanda", "Getdi yar", "Cavanlığım", "Axtarma məni", "Durna qatarı", "Qara gözlər", "Əziz dostum" və "Xatirəsən yar" kimi mahnıları ilə sevilib. Xüsusilə "Dilbərim" mahnısı onun ən çox yadda qalan ifalarından biri olub.
Müğənni sənət fəaliyyətinə görə bir sıra fəxri ad və mükafatlara layiq görülüb. 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2003-cü ildə isə Xalq artisti fəxri adını alıb. 2000-ci ildə Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi adına layiq görülən ilk azərbaycanlı olub.
2019-cu ildə Heydər Əliyev Sarayında sənətkarın səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Zaur Rzayev ailəli olub. Nadir və Azər adlı iki oğlu var. Oğullarından Azər Rzayev də musiqi sahəsində fəaliyyət göstərir və Əməkdar artist fəxri adına layiq görülüb.
Xalq artistinin səhhətində son dövrlərdə ciddi problemlər yaranıb. O, sentyabr ayında qaraciyər sirrozu və onun ağırlaşmaları ilə əlaqədar xəstəxanada müalicə alıb. Oktyabrın 14-də vəziyyəti yenidən ağırlaşan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, Zaur Rzayev 29 oktyabr 2026-cı ildə saat 18:30-da Bakıda vəfat edib. Azərbaycanın musiqi sənətində özünəməxsus yeri olan Xalq artistinin ifaları və sənət irsi yaddaşlarda yaşayacaq.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)