Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)

29 Oktyabr 2026 20:21

Oktyabrın 28-dən noyabrın 8-dək Bakıda Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci çoxjanrlı Baku International Arts Festival (BIAF) çərçivəsində oktyabrın 29-u və 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində görkəmli rusiyalı rejissor Lev Dodinin "Qağayı" tamaşası nümayiş olunur. Sankt-Peterburq şəhərindəki Maly Dram Teatrının - Avropa Teatrının təqdim etdiyi, nüfuzlu "Qızıl Sofit" və "Qızıl Maska" teatr mükafatlarına layiq görülmüş tamaşa Anton Çexovun məşhur pyesinə dərin və özünəməxsus yozum təqdim edir, Trend-in müxbiri xəbər verir.

Lev Dodinin Çexov klassikasına müraciəti yalnız məşhur əsərin səhnə təcəssümü deyil, həm də insan münasibətlərini, yaradıcılığın mahiyyətini, sənətkarın özü və ətrafındakı dünya qarşısında məsuliyyətini yenidən dərk etmək cəhdidir. Tamaşada həyat və sənət haqqında düşüncələr üzvi şəkildə birləşir, qəhrəmanların taleləri isə onların daxili ziddiyyətləri, ümidləri, məyusluqları və həyatda öz yerlərini tapmaq istəkləri fonunda açılır.

Tamaşanın bədii təsir gücünü aktyor ansamblı daha da artırır. İqor Çerneviç Triqorinin, Yelizaveta Boyarskaya Arkadinanın, Anna Zavtur Ninа Zareçnayanın, Yevgeni Zayfrid Treplyovun, Sergey Kurışev Sorinin, Oleq Ryazantsev Medvedenkonun, Polina Sevastyanixina isə Maşanın obrazını canlandırır. Müasir teatr səhnəsinin tanınmış rəssamlarından biri Aleksandr Borovskinin quruluşçu rəssam işi - göl və su üzərində yırğalanan qayıqlar metaforası - insan varlığının dəyişkənliyini və hisslərin kövrəkliyini əks etdirir.

Bakı tamaşa iştirakçılarında dərin təəssürat yaradıb
Lev Dodin beynəlxalq mədəni təşəbbüslərin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, tarixin mürəkkəb dövrlərində incəsənət və mədəni dialoq xüsusi dəyər kəsb edir. Onun fikrincə, bu cür festivallar insanlar arasında qarşılıqlı anlaşmanın qorunmasına və dövlət sərhədlərini aşan ünsiyyət mühitinin yaradılmasına xidmət edir.

İlk dəfə Bakıya gələn Lev Dodin şəhərin gözəlliyini, teatr binasının möhtəşəm memarlığını və Xəzər dənizinin mənzərələrini xüsusi qeyd edib. Rejissor İçərişəhərlə daha yaxından tanış olmaq və paytaxtın digər görməli yerlərini ziyarət etmək arzusunda olduğunu bildirib.

"Belə bir festivalın mövcud olmasına və bizim də onunla bağlı olmağımıza görə minnətdaram. Ümumiyyətlə, Bakıda olduğuma şadam. Hər şey möhtəşəmdir! Nə qədər gözəl, dəbdəbəli teatrdır!" - deyə rejissor bildirib.

Yelizaveta Boyarskaya da Bakıya ilk dəfə gəldiyini və şəhərin memarlığının, təmizliyinin, özünəməxsus ab-havasının onu dərhal valeh etdiyini söyləyib. Övladları ilə birlikdə paytaxta gələn aktrisa bulvarda gəzib, İçərişəhərdə və Kiçik Venesiyada olub. O, çıxış etdikləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının binasını da xüsusi vurğulayıb.
"Memarlıq baxımından bu, tamamilə qüsursuz, olduqca gözəl bir binadır. Zal da çox gözəldir", - deyə aktrisa qeyd edib.

Anna Zavtur da Bakıya ilk səfərinin təəssüratlarını bölüşərək şəhərin gözəlliyinin və memarlığının onu ilk gündən heyran etdiyini bildirib. Aktrisanın diqqətini xüsusilə küçələrin təmizliyi və şəhər mühitinin abadlığı cəlb edib.

"Mən artıq bu şəhərə vurulmuşam. Bakı inanılmaz dərəcədə gözəl şəhərdir, memarlığı çox xoşuma gəldi", - deyə aktrisa bildirib. O, İçərişəhərdə olduğunu, lakin Azərbaycan paytaxtı ilə tanışlığını davam etdirmək və Heydər Əliyev Mərkəzini də ziyarət etmək istədiyini söyləyib.

İqor Çerneviç isə daha əvvəl qastrol səfəri ilə Bakıda olduğunu xatırladaraq şəhər haqqında xoş təəssüratlarını bölüşüb.

"Gözəl şəhərdir. Möhtəşəmdir. Burada gəzmək çox xoşuma gəlir", - deyə aktyor bildirib. O, Azərbaycanda daha çox vaxt keçirmək, yalnız paytaxtla deyil, ölkənin digər guşələri ilə də tanış olmaq istədiyini vurğulayıb.

Çexovun yeni yozumu - obrazların dərinliyi
Lev Dodin qeyd edib ki, iki onillikdən sonra Çexovun əsərinə münasibəti dəyişib. Rejissorun sözlərinə görə, zaman dəyişdikcə insanlar da dəyişir, Çexovun əsərləri isə insana özünə və ətraf aləmə dair sualları yenidən vermək imkanı yaradır.

"Çexov elə bir yazıçı, elə bir dramaturqdur ki, o, həmişə bir qədər zamanından irəlidədir", - deyə Dodin bildirib.

Rejissor izah edib ki, tamaşanın yeni versiyasında pyesin bəzi detalları arxa plana keçib, digərləri isə daha böyük əhəmiyyət qazanıb. Onun üçün əsas məsələ hər replikaya sözbəsöz əməl etmək deyil, əsərin mahiyyətini qorumaq və daha qabarıq şəkildə təqdim etməkdir. Dodinin fikrincə, müəllifin niyyətinə hörmətlə rejissor sərbəstliyi arasındakı sərhəd intuisiya, materialın şəxsi dərki və bədii zövqlə müəyyən olunur.
Dodin Çexov yumorunun özünəməxsusluğuna da diqqət çəkib. Onun fikrincə, bu əsərlərdə gülüş çox vaxt ağrı ilə yanaşı mövcud olur, komik məqamlar isə insan həyatını daha dərindən anlamağa kömək edir.

"Bu, həyat komediyasıdır. Şekspirin komediyalarına bənzəyir - burada hər zaman ucadan gülmək lazım deyil. Elə məqamlar var ki, gülə-gülə ağlamalı, ağlaya-ağlaya gülməlisən", - deyə rejissor bildirib.

Tamaşanın əsas mövzularından biri yaradıcılığı həm mənəvi missiya, həm də ağır sınaq kimi yaşayan sənətkarın taleyidir. Dodinin sözlərinə görə, onun "Qağayı"sı həyatı daha həssas duyan, baş verənlərə özünəməxsus reaksiya verən və qərarlarına görə məsuliyyət daşıyan sənət adamlarına həsr olunub.

Bu ideya tamaşadakı obrazların yozumunda da öz əksini tapır. Arkadina rolunu ifa edən Yelizaveta Boyarskaya bildirib ki, onun qəhrəmanı ilə Triqorin yalnız şəxsi münasibətlərlə deyil, sənətə bağlılıq və qarşılıqlı anlaşma ilə də bir-birinə bağlıdır. Onların münasibətləri müxtəlif sınaqlardan keçsə də, hər ikisi yaradıcılığın həyatlarının ayrılmaz hissəsi olduğunu dərk edir.

Aktrisanın sözlərinə görə, bu yozumda Arkadina mürəkkəb və ziddiyyətli xarakter kimi təqdim olunur. Onun oğlu Treplyovla münasibətlərindəki sərtlik, qismən, yaradıcılığa fərqli yanaşmaları ilə bağlıdır. Treplyov üçün başqalarının rəyi və tanınmaq mühüm əhəmiyyət daşıdığı halda, Arkadina və Triqorin üçün sənət, ilk növbədə, daxili ehtiyac, insanlar, zaman və insan ağrısı haqqında danışmaq vasitəsidir.

Boyarskaya qeyd edib ki, sənətkar üçün yaradıcılıq həm mükafat, həm də hər kəsin daşıya bilmədiyi ağır bir yükdür. Məhz buna görə Arkadina ilə oğlu arasındakı münasibətlər xüsusi dramatik dərinlik qazanır: nəsillər arasındakı münaqişənin arxasında sənətə bağlılıq, istedad və yaradıcılığın həqiqi mənası haqqında fərqli təsəvvürlər dayanır.

Anna Zavtur isə Nina Zareçnaya obrazına özünəməxsus yanaşmasını təqdim edib. Onun sözlərinə görə, Dodinin quruluşunda Nina ilk andan daha qətiyyətli və iddialı görünür. O, sadəcə səhnə arzusunda olan sadəlövh gənc qız deyil, məqsədinə çatmaq üçün israrla mübarizə aparan xarakterli bir insandır.

Aktrisa Nina ilə Arkadina arasındakı münasibətlərin də xüsusi psixoloji çalarlarla zəngin olduğunu vurğulayıb. Arkadina gənc qadında sanki öz keçmişini görür. Bu yanaşma onların münasibətlərinə əlavə mürəkkəblik gətirir, Çexovun tanış qəhrəmanlarını yeni çalarlarla açır və onların davranışlarını şəxsi hisslər, daxili sarsıntılar və yaradıcılıq ambisiyaları kontekstində anlamağa imkan verir.

Triqorin rolunu ifa edən İqor Çerneviç obraz üzərində işin ciddi zəhmət tələb etdiyini etiraf edib. Aktyorun sözlərinə görə, yaradıcı heyət, ilk növbədə, sənət adamları və onların öz peşələrinə münasibəti haqqında danışmağa çalışıb. Səmimi və dəqiq ifadə tərzini tapmaq asan olmayıb, buna görə də tamaşa səhnəyə qoyulduqdan sonra belə onun üzərində iş davam edir.

"Biz sadəcə özümüz üçün maraqlı olanları bölüşmək istəyirik və ümid edirik ki, tamaşaya gələnlər bizi eşidəcək və anlayacaqlar", - deyə aktyor BIAF çərçivəsində çıxışdan danışarkən bildirib.

Baku International Arts Festival çərçivəsində "Qağayı" tamaşasının nümayişi Bakı tamaşaçılarının Rusiyanın aparıcı teatr kollektivlərindən biri ilə görüşü olmaqla yanaşı, Çexov, yaradıcılığın mahiyyəti və insanın mürəkkəb daxili dünyası haqqında yeni söhbətə də imkan yaradıb. Lev Dodinin yozumunda klassik əsər bədii gücünü qorumaqla yanaşı, yeni məna çalarları qazanır və xatırladır ki, həqiqi sənət hazır cavablar verməkdən daha çox, həyatı dərindən anlamağa kömək edir.