"Qarabağ"ın son 5 mövsümdə avrokuboklardakı çıxışı ilə bağlı maraqlı statistika açıqlanıb.
Milli.Az xəbər verir ki, "Football Meets Data" analitik platforması (Xorvatiya) Avropa klublarının heyət dəyəri ilə UEFA reytinqində qazandıqları xalları müqayisə edib.
Araşdırmaya əsasən, Şotlandiyanın "Seltik" klubunun heyətinin dəyəri 158 milyon avro, "Qarabağ"ın isə 22 milyon avrodur. Beləliklə, Şotlandiya təmsilçisinin heyəti Azərbaycan çempionundan 7 dəfədən çox bahadır.
Buna baxmayaraq, komandaların avrokuboklarda hər mövsümə düşən orta UEFA xalları demək olar ki, eynidir. "Seltik" orta hesabla 8,8, "Qarabağ" isə 8,5 xal toplayıb.
Araşdırmada digər klublarla bağlı da maraqlı göstəricilər yer alıb.
"Mançester Yunayted"in heyətinin dəyəri 813 milyon, "Frayburq"un isə 215 milyon avrodur. Lakin onların mövsümlük orta UEFA xalları müvafiq olaraq 19,1 və 18,8-dir.
"Beşiktaş"ın heyəti 165 milyon, Norveçin "Budyo-Qlimt" klubunun heyəti isə 41 milyon avro dəyərində qiymətləndirilir. Bununla belə, Norveç təmsilçisi hər mövsüm orta hesabla 12,8, Türkiyə klubu isə cəmi 3,8 UEFA xalı qazanıb.
Qeyd edək ki, araşdırmada 2021/22 - 2025/26 mövsümlərinin göstəricilərindən istifadə olunub. (Qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)