Əməkdar artist Nigar Şabanova anasının səhhəti ilə bağlı danışarkən duyğusal anlar yaşayıb.
Milli.Az xəbər verir ki, o, "Sevilən səhər" verilişində telefonla efirə qoşulan anası Akifə xanımın səsini eşidəndə göz yaşlarına hakim ola bilməyib.
Söhbət zamanı Akifə xanım qızı ilə münasibətindən danışaraq Nigarın onun üçün yalnız övlad deyil, həm də rəfiqə, bacı və ana qədər yaxın olduğunu söyləyib.
Anasının sözləri ifaçını kövrəldib. Nigar Şabanova onun koronavirus pandemiyası dövründə ağır xəstəlik keçirdiyini xatırladaraq həmin günlərdə yaşadığı narahatlığı bölüşüb.
Muğam ifaçısı bildirib ki, o vaxt anasının vəziyyəti o qədər ağır olub ki, əsas arzusu onun nəfəs almağa davam etməsi imiş. İndi isə yeriyə bilməyən anası bəzən bu vəziyyəti həmin dövrdə etdiyi dua ilə əlaqələndirir.
"Anam deyir ki, sən elə dua etdin, indi gəzə bilmirəm. Mən də ona deyirəm ki, o vaxt yeriməsinə də, danışmasına da ümid yox idi. Əsas odur ki, nəfəsin gəlib-getməsi davam etsin. Həyatımı anama və atama qurban etmişəm", - deyə Nigar Şabanova bildirib.
Milli.Az