Türkiyə millisində baş məşqçi Sergen Yalçınla bəzi futbolçular arasında münasibətlərin gərgin olduğu barədə iddialar yayılıb.
Milli.Az xəbər verir ki, türkiyəli jurnalist Sercan Hamzaoğlunun açıqlamasına görə, yığmanın əsas heyətində yer alan bir neçə oyunçu Yalçının və onun köməkçisinin telefon zənglərinə cavab vermir.
Jurnalist futbolçuların bu davranışını Sergen Yalçının şərhçi işlədiyi vaxt onlarla bağlı səsləndirdiyi tənqidi fikirlərlə əlaqələndirib. İddia olunur ki, bəzi oyunçular həmin açıqlamaları unutmur və Yalçının indi onların baş məşqçisi olmasına müsbət yanaşmırlar.
Hamzaoğlu bildirib ki, bu məsələ ilə bağlı söhbət zamanı futbolçulardan biri ona Yalçının vaxtilə televiziya efirində ünvanına sərt fikirlər səsləndirdiyini xatırladıb. Həmin oyunçu belə münasibət sərgiləyən şəxslə baş məşqçi kimi işləmək istəmədiyini ifadə edib.
Jurnalistin sözlərinə görə, narazılıq edən futbolçular arasında millinin düşərgəsinə qoşulub məşqlərə qatılanlar da var. Ancaq onların bəzilərinin Sergen Yalçınla ünsiyyətdən yayınmağa çalışdığı iddia olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)