İngiltərənin Norfok bölgəsindəki təkrar emal müəssisələrində yaşanan böhran səbəbindən 3 mindən çox köhnə soyuducu və dondurucu yamaca yığılaraq süni təpə əmələ gətirib. Süni məişət texnikası dağının görüntüsü yerli sakinlərin kəskin etirazına səbəb olub.
Milli.Az xəbər verir ki, təkcə Norfokda 3 mindən çox soyuducu yığıldığı halda, Uelsin Nyuport şəhərində bu rəqəm 80 minə çatıb.
Ölkə üzrə təkrar emal mərkəzlərində baş verən yanğınlar (xüsusilə Tetforddakı zavod yanğını) və iqtisadi çətinliklər səbəbindən bir çox müəssisə bağlanıb. Nəticədə 26 yerli özünüidarəetmə orqanı köhnə soyuducu qəbulunu dayandırmaq məcburiyyətində qalıb.
Mütəxəssislər xəbərdarlıq edir ki, soyuducular adi məişət tullantısı kimi atıla bilməz:
Köhnə modellərin soyutma sistemində olan qazlar ozon qatını parçalayır, yeni modellərdəki maddələr isə güclü istixana effekti yaradır.
Bu cihazlar mütləq xüsusi zavodlarda sökülməli və tərkibindəki kimyəvi maddələr təhlükəsiz şəkildə ayrılmalıdır.
Norfok rəhbərliyi soyuducu qəbulunu qismən bərpa etsə də, bölgədəki 19 təkrar emal mərkəzindən yalnız 7-si fəaliyyət göstərir. Təminat gücləndirilməyəcəyi təqdirdə bu texnikaların uzun müddət eyni yerdə qalacağı bildirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)