Bu gün 225 saylı orta məktəbdə 7-ci sinif şagirdinin ölümü ilə bağlı hadisəni işıqlandıran əməkdaşlarımıza hücum edilib.
Milli.Az xəbər verir ki, REAL TV-nin Baş direktoru Mir Şahin Ağayev sosial şəbəkə hesabında hadisə ilə bağlı açıqlama yayıb:
"Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq! Buna qəti şübhəm yoxdur! Daxili İşlər Nazirliyinin əməkdaşlarına hadisə ilə bağlı xəbər verilən kimi operativ yanaşma və tam diqqət təmin edilib. Araşdırma və cəzaya çatdırma prosesi sonadək bizim xüsusi diqqətimizdə olacaq. Məni heyrətə gətirən həm də əslində məsumluq yaşında olmalı yeniyetmələr qrupunun içində bu qədər nifrətin, amansızlığın olmasıdır. Mən problemin kökündə küçə xuliqanlığının yeniyetmələrimizin hələ formalaşmamış şüurunda qabarıq təzahürü ilə yanaşı son zənglərdə oxunan kriminal mahnılardan da notlar görürəm.
Real Təhlil İnformasiya Mərkəzinin Baş direktoru kimi rəsmən bildirirəm: Bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan Qanunundan kənarda qalmayacaq. Məktəb tərbiyəsinə hazır olmayanların islah edilməsi başqa müstəvidə-müvafiq düşərgələrdə həyata keçirilməlidir! Dünən bir məktəbdə pəncərələrə daş, bu gün başqa bir məktəbdə operatora təpik atanlarla ən sərt şəkildə davranılmalıdır. Onlar cəmiyyətə layiq olmaq istəmirlərsə, ləyaqətə hüquqi və qanuni yollarla məcbur edilməlidir. Kimin hansı şüur və ya antişüur düşərgəsində yerləşməsinə baxmayaraq. Baş verənlər növbəti dəfə onu sübut edir ki, orta ümumi təhsil müəssisələrimizdə dünyəvi təhsil sisteminin normalarının tam bərqərar edilməsi günün ən vacib məsələlərindəndir. Bu sahədə qayda yaratmaq isə təkcə Azərbaycanın hüquq mühafizə orqanlarının qayğısı olmamalıdır"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)