Circus Sea Breeze arenasında "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı təqdim olunur.
Sürət, cəsarət, peşəkarlıq və yüksək adrenalin üzərində qurulan proqram dünyanın müxtəlif ölkələrindən olan artistləri bir arenada bir araya gətirir.
Tamaşaçılara braziliyalı kaskadyorların təhlükəli çıxışları, beynəlxalq mükafatlara layiq görülmüş hava gimnastlarının nömrələri, akrobatların çıxışları və klounun iştirakı ilə hazırlanan səhnələr təqdim olunur. Müxtəlif sirk janrlarını birləşdirən şou tamaşaçılara həyəcan dolu sirk atmosferi və unudulmaz emosiyalar yaşadır.
Proqramın təşkilatçısı, "Sirk Oskarı" mükafatının laureatı Allahverdi İsrafilov ənənəsinə sadiq qalaraq xeyriyyə təşəbbüsü ilə də çıxış edir. Tamaşalardan biri valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid və qazi ailələrinin övladları üçün ödənişsiz təşkil olunub. Təşəbbüsün məqsədi uşaqlara sevinc bəxş etmək və onlar üçün yaddaqalan anlar yaratmaqdır.
Azərbaycan sirk sənətinin beynəlxalq səhnədə tanınmış nümayəndələrindən olan Allahverdi İsrafilov uzun illərdir təşkilatçı kimi də fəaliyyət göstərir. Onun rəhbərliyi altında müxtəlif ölkələrdə çoxsaylı sirk proqramları həyata keçirilir. İsrafilovun fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq təcrübəni Azərbaycana gətirmək, yerli sirk sənətinin inkişafına töhfə vermək və yeni istedadların yetişməsi üçün imkanlar yaratmaqdır.
"The World of Adrenaline" beynəlxalq sirk proqramı noyabrın 29-dək Circus Sea Breeze arenasında davam edir. Tamaşalar hər həftənin şənbə və bazar günləri saat 12:30-da və 15:30-da keçirilir.
Biletlərin qiyməti 15 manatdan başlayır. Tamaşaçıların rahatlığı üçün "Koroğlu" metro stansiyasından sirk arenasına və geriyə xüsusi avtobus transferi də təşkil olunur.
Biletləri şəhərin kassalarından və iTicket.az saytından əldə etmək mümkündür.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az