Montellanın “Fənərbağça”dan tələbi bəlli oldu

28 Oktyabr 2026 16:28

"Fənərbağça"nın yeni baş məşqçi axtarışında İtaliya mütəxəssisi Montella ilə danışıqların çətinləşdiyi bildirilir.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, tərəflər müqavilənin müddəti ilə bağlı razılığa gələ bilməyiblər.

"Qalatasaray"a məğlubiyyətdən sonra İsmail Kartalla yollarını ayıran İstanbul təmsilçisi son olaraq Türkiyə milli komandasında çalışmış Montella ilə danışıqlara başlayıb.

İtaliyalı mütəxəssisin klub rəhbərliyindən üçillik müqavilə tələb etdiyi iddia olunur. "Fənərbağça" rəhbərliyinin isə bu şərtə müsbət yanaşmadığı və bunun danışıqlarda fikir ayrılığı yaratdığı qeyd edilir.

Məlumata əsasən, yeni baş məşqçi təyin olunana qədər komandaya Kuyt rəhbərlik edəcək. "Fənərbağça"nın yaxın vaxtlarda bu vəzifəyə kimin gətiriləcəyi ilə bağlı qərarını açıqlaması gözlənilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)