Rəssam Fərid Rəsulov “Azərxalça” ASC-nin sərgi salonunda sənətsevərlərlə görüşüb - (Foto)

28 Oktyabr 2026 15:54

"Azərxalça" ASC-nin İçərişəhərdə yerləşən sərgi salonunda rəssam Fərid Rəsulovun sənətsevərlərlə görüşü keçirilib.

Görüşdə rəssamın əsərlərinin xalça sənəti vasitəsilə yeni bədii ifadə forması qazanması və "Azərxalça" ASC ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" kolleksiyası müzakirə olunub. 

Söhbət zamanı rəsm ideyasının xalçaya çevrilməsi, rəssamla xalça ustasının yaradıcı əməkdaşlığı, əl ilə toxunan xalçanın bədii dəyəri və ənənəvi sənətkarlığın müasir incəsənətdə yeri ətrafında fikir mübadiləsi aparılıb. Xalçanın sənət əsəri və interyer elementi kimi təqdimatı, kolleksiyanın məhdud sayda buraxılışı və Azərbaycan xalçaçılıq ənənəsinin yeni ifadə imkanları da müzakirə olunub.

"Azərxalça" ASC ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gələn "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" kolleksiyası Qarabağ xalçaçılıq ənənəsini müasir sənət dili ilə təqdim edir. Kolleksiya ənənəvi Qarabağ xalçaçılıq sənətini sadəcə keçmişin qalığı kimi deyil, müasir sənət dilinin canlı bir parçası kimi təqdim edir. Bu layihə, qədim naxışları müasir vizual kontekstdə yenidən "aktivləşdirir". Sərginin əsas qayəsi irs ilə müasirlik arasında ciddi bir dialoq yaratmaq, toxunmuş hər ilmədə nağılları və tariximizi bugünkü bədii təfəkkürlə birləşdirməkdir. Beynəlxalq Xalça Festivalı üçün xüsusi hazırlanan kolleksiya ilk dəfə həmin festivalda təqdim olunub və maraqla qarşılanıb. Kolleksiyaya - "Ağ at və quşların nağılı", "Qarabağ atının əfsanəsi", "Zəriflik naxışı", "Qızılı lələklərin əks-sədası", "İlmələrdəki pələng" və "Gecənin tacı nar" adlı fərqli 6 xalça daxildir. Yun və ipək qarışığından ibarət, 3D texnikası ilə hazırlanan "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" kolleksiyasının əsas ideyası: təkcə qorumaq kifayət deyil, mədəni irs aktual qalmaq üçün dinamik olmalıdır.

Görüş zamanı qonaqlar xalçalarla yaxından tanış olmaq və onlara toxunmaq imkanı əldə ediblər.

Xatırladaq ki, Fərid Rəsulovun "Azərxalça" ASC ilə birgə əməkdaşlıqdan ərsəyə gələn kolleksiyaya daxil xalçalar  30 oktyabr -1 noyabr tarixlərində baş tutacaq "Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" festivalında İçərişəhərdə yerləşən "QGalerry" sərgi salonunda "Yaddaşdan ötə" sərgisində festival müddətində sərgilənəcək.