Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb.
Milli.Az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Bildirilib ki, Milli Elmlər Akademiyasının 23 noyabr 2023-cü il tarixli Ümumi Yığıncağında təsdiq olunmuş Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin 3.6.-cı bəndinə əsasən Akademiyanın üzvü ölkənin və Akademiyanın adına ləkə gətirən hərəkətlərə yol verdikdə, vəzifələrini yerinə yetirmədikdə onun AMEA üzvlüyündən çıxarılması məsələsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək, müvafiq qərar qəbul edilməklə AMEA Ümumi Yığıncağında təsdiq edilmək üçün təqdim olunur.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.
Hökmdə həmçinin Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)