Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü" adlandırırlar.
Milli.Az xəbər verir ki, BBC-nin məlumatına görə, TikTok və "Instagram" platformalarında bu mövzuda yayımlanan videolar milyonlarla baxış toplayıb.
Həkimlər isə xəbərdarlıq edirlər ki, yalnız üz görünüşünə əsasən dəmir çatışmazlığını müəyyən etmək mümkün deyil.
Həkim Əzizə Sesayın sözlərinə görə, "ferritin üzü" tibbi diaqnoz deyil. Bununla belə, solğun dəri, saç tökülməsi və dırnaqların kövrəkləşməsi dəmir çatışmazlığının əlamətləri ola bilər. Lakin bu simptomlar başqa sağlamlıq problemləri ilə də əlaqəli ola bilər.
Ferritin orqanizmdə dəmir ehtiyatlarını göstərən zülaldır. Dəmir ehtiyatları azaldıqda insanda halsızlıq, yorğunluq və saç tökülməsi kimi əlamətlər yarana bilər. Bu vəziyyət hemoqlobin səviyyəsi hələ normal olduğu halda da müşahidə edilə bilər.
Hematoloq Dryu Provan bildirib ki, insanın üzünə baxmaqla ferritin səviyyəsini müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, dəmir çatışmazlığından yaranan solğunluq və yorğunluqla əlaqəli gözaltı dairələr subyektiv əlamətlərdir.
Mütəxəssislər dəmir çatışmazlığından şübhələnən şəxslərə qan analizi verməyi və həkimə müraciət etməyi tövsiyə edirlər. Çünki çatışmazlığın səbəbini müəyyənləşdirmək və uyğun müalicə seçmək vacibdir.
Dəmir çatışmazlığı adətən dəmir preparatları ilə müalicə olunur. Ət, lobya, mərcimək, yaşıl yarpaqlı tərəvəzlər və dəmirlə zənginləşdirilmiş taxıl məhsulları da bu mineralın mənbələridir.
Həkimlər analiz və tibbi məsləhət olmadan dəmir preparatları qəbul etməyin zərərli ola biləcəyini, bunun əsas problemin vaxtında aşkarlanmasını gecikdirə biləcəyini vurğulayırlar.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)