Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)

28 Oktyabr 2026 10:32

Bakının Kürdəxanı qəsəbəsində dələduzluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, özünü vergi xidmətinin əməkdaşı kimi təqdim edən şəxs obyekt sahibindən 500 manat alıb.

Belə ki, obyekt yeni açıldığına görə POS-terminal olmayıb. Həmin şəxs bu vəziyyətdən istifadə edərək sahibkardan 500 manat tələb edib. Pulu aldıqdan sonra isə ərazidən uzaqlaşıb.

Bir müddət sonra məlum olur ki, həmin şəxs vergi xidmətinin əməkdaşı deyil. Obyekt sahibinin aidiyyəti üzrə şikayətindən sonra onun özünü saxta şəkildə dövlət qurumunun əməkdaşı kimi təqdim etdiyi üzə çıxır. Bildirilir ki, həmin şəxs inandırıcı görünmək üçün obyekt sahibinə müxtəlif fotolar da göstərib.

Sahibkarlara, xüsusilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə belə hallarda diqqətli olmaq tövsiyə edilir. Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən şəxsin kimliyinə şübhə yarandıqda, tələb olunan pul vəsaitini ödəmədən əvvəl məlumatı rəsmi qaydada dəqiqləşdirmək və aidiyyəti qurumlara müraciət etmək vacibdir.

Müəllif: Mina Mikayılova