Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

28 Oktyabr 2026 00:45

Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür.

Milli.Az xəbər verir ki, qiymə soyuducu torbasına (paketinə) qoyulduqdan sonra havanın çıxması üçün azca açıq yer saxlanılır. Əl və ya oxlov vasitəsilə üzərindən keçərək qiymə tamamilə nazik lövhə halına gətirilir. Havası tam çıxarılıb ağzı bağlanan nazik qiymə dondurucuya üfüqi şəkildə yerləşdirilir.

Bu üsul həm dondurucuda kitab kimi səliqəli yer tutur, həm də ətin hər nöqtəsinin eyni naziklikdə donmasını təmin edir.

Qalın paketlərin soyuq suda əriməsi 1 saatdan çox çəkdiyi halda, bu üsulla nazikləşdirilmiş qiymə soyuq su dolu qabın içində cəmi 15 dəqiqəyə tamamilə yumşalır. Nazik səth sayəsində istilik birbaşa ətin mərkəzinə çatır.

Mütəxəssislər xatırladır ki, bakteriya çoxalmasının qarşısını almaq üçün əti otaq temperaturunda masanın üzərində deyil, birbaşa soyuq suyun içində və ya soyuducunun alt rəfində əritmək vacibdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)