Hər şey bir yumruqla başlayıb. Bir nəfərin ölümü, bir neçə şəxsin isə xəsarət aldığı davanın arxasında əslində kriminal qruplaşma dayanırmış.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda yerləşən ''Ab-Hava'' restoranında baş verən kütləvi davadan gedir.
Baş Prokurorluqdan verilən məlumata görə, törədilən qətl və digər ağır cinayətlərlə bağlı 13 nəfər məsuliyyətə cəlb edilib.
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş. Kadrlara diqqətlə baxdıqda görünür ki, onlardan birinin odlu silahı yerə düşür. Onu götürmək üçün bıçaqla Cəlal Mirağayevə zərbə vurub özündən uzaqlaşdırır, daha sonra əyilib tapançanı götürür və hadisə yerindən qaçırlar.
Restoranın aşpazı deyir ki, hadisədən bir gün əvvəl həmin obyektə işə düzəlib. Hadisənin baş verdiyi günə gəlincə isə, dediyinə görə, həmin vaxt işdə olmayıb.
Qeyd edilən cinayətlərin törədilməsində bu və ya digər formada iştirak etmiş bütün şəxslər, yəni 13 nəfər Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən prokurorluqla koordinasiyalı şəkildə peşəkarcasına keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaq orqanına təhvil veriliblər.
Cəlal Mirağayevin başqa cinayət əməlinə görə axtarışda olan Elmar Cəfərov və Emin Rəhimov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar ''mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə'' maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Davada iştirak edən digər şəxslərin barəsində ''cinayətkar birlik yaratma, cinayətkar birlikdə, habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və sair nümayəndələrinin birliyində iştirak etmə, mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi'' və digər maddələri ilə cinayət işi başlanıb. Saxlanılan bütün şəxslərin barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)