İnternetlə qoxuları da hiss edə biləcəyik

28 Oktyabr 2026 04:04

ABŞ və Çindən olan alimlər internet vasitəsilə qoxuları ötürə bilən sistem hazırlayıblar.

Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Süni intellektlə işləyən sistem qoxunu tanıyır, rəqəmsal məlumatları qəbuledici qurğuya ötürür və aromanı yenidən yaradır. Texnologiya qəhvə, pivə, qırmızı şərab, keks və portağal qoxuları üzərində sınaqdan keçirilib.

Təcrübədə iştirak edən 14 nəfər ayrı-ayrı qoxuları 73 faiz, iki qoxunun birləşməsini isə təxminən 71 faiz dəqiqliklə müəyyən edə bilib.

Tədqiqatçılar qoxunu ötürən qurğunun qolbaq və ya boyunbağı kimi aksesuarlara yerləşdirilə biləcəyini bildiriblər. Alimlər həmçinin virtual içkilərin dadını və ətrini real mühitdə canlandıra bilən fincan prototipi hazırlayıblar.

Hələlik təcrübə mərhələsində olan texnologiyanın geniş istifadəyə verilməsi üçün əlavə sınaqlara ehtiyac var. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)