Azərbaycan Respublikasında Tatarıstan Respublikasının Daimi Nümayəndəliyində müasir dövrün görkəmli musiqi xadimi, rus bəstəkarı, XX əsrin ikinci yarısında musiqi avanqardının əsas simalarından biri olan Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş "Sükutun bəstəkarı" adlı konsert keçirildi.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Tatar İcmasının birgə təşkilatçılığı, Azərbaycan Respublikasında Tatarıstan Respublikasının Daimi Nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuşdur.
Sofiya Qubaydulinanın yaradıcılığı - özünün də adlandırdığı kimi, Şərqin və Qərbin təmsil etdiyi iki dünyanın qızının sənət irsi - bəstəkarın sağlığında dünya musiqi mədəniyyəti tarixinə yeni, heç nəyə bənzəməyən və musiqi sənətinin gələcək onilliklər ərzində inkişaf yollarını müəyyənləşdirən bir hadisə kimi daxil olmuşdur. Onun bənzərsiz bədii dünyası musiqi təfəkkürünün novatorluğu ilə fəlsəfi düşüncənin dərinliyini, səs eksperimentlərinin cəsarətini isə görünməyəni dərk etmək üçün göstərilən yorulmaz səyləri özündə birləşdirir. Filosof-musiqiçi Sofiya Qubaydulina dinləyiciyə hazır cavablar təqdim etmir, əksinə, hər bir dinləyicinin dünya, insan və həyatın mənası haqqında suallara öz cavablarını tapa biləcəyi bir məkan açır.
Tədbirin bədii rəhbəri və aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Alena İnyakina Qubaydulinanın yaradıcılığının miqyası və bədii əhəmiyyəti, şəxsiyyətinin özünəməxsusluğu, sənət yolunun əsas mərhələləri haqqında danışmışdır. Onun çıxışı bəstəkarın həyatının müxtəlif dövrlərində lentə alınmış müsahibələrindən fraqmentlərlə tamamlanmışdır.
S. Qubaydulinanın musiqi dilinin mürəkkəbliyi Azərbaycan musiqiçilərinin onun yaradıcılığına müraciət etməsinin olduqca nadir hallarda baş verməsini şərtləndirmişdir. "Sükutun bəstəkarı" konsertinin dinləyiciləri S. Qubaydulinanın musiqisini canlı ifada dinləmək kimi nadir fürsət əldə etmişlər.
Xüsusi hazırlanmış konsert proqramında S. Qubaydulinanın və onun müəllimi, istedadlı bəstəkar və ictimai xadim V. Şebalinin kamera-vokal miniatürləri səsləndirilmişdir. Əsərləri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova ifa etmişdir.
Konsertin dinləyicilərini xüsusi bir premyera də gözləyirdi: S. Qubaydulinanın M. Prişvinin şeirləri əsasında bəstələdiyi "Fatseliya" vokal silsiləsi ilk dəfə Bakı səhnəsində səsləndirilmişdir.
Proqramın bədii hissəsini V. Vısotskinin mahnıları da tamamlamışdır. Qubaydulinanın "Şaquli" bədii filminin çəkilişləri zamanı əməkdaşlıq etdiyi V. Vısotskinin mahnıları, eləcə də görkəmli rus, tatar və ərəb şairlərinin şeirləri bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən bədii kompozisiyanı zənginləşdirmişdir.
Vokal və poetik əsərlər Renat İlyazov, Zərəma "Nathalie" Mənafova, Arzu Məmmədova, Arzu Mənafli, Samuil Naginski, eləcə də Bakı Musiqi Akademiyasının tələbəsi Pakizə Mustafazadənin ifasında təqdim olunmuşdur.
Yubiley tədbirinin son akkordu Arzu Mənaflının görkəmli bəstəkarın xatirəsinə həsr etdiyi müəllif şeirləri olmuşdur.
Tədbirin kuratorları A.Inyakina və R.İlyazov olmuşlar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az