Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində "Muğam dəstgahları" konserti təqdim olunub. Proqram çərçivəsində Azərbaycan muğam sənətinin incilərindən olan "Rast" dəstgahı Əməkdar artist Sevinc Sarıyeva, eləcə də Beynəlxalq Muğam Mərkəzinin solistləri Hüseyn Məlikov və Məmməd Nəcəfov tərəfindən ifa olunub.
Xanəndələri BMM-nın solistlərindən ibarət instrumental heyət Rəşad İbrahimov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Kamran Novruzov (bas tar), Rafael Əsgərov (balaban), Amil Mustafayev (nağara) müşayiət edib. Muğamın sehrli sədaları, ifaçıların yüksək sənətkarlığı və milli musiqi alətlərinin ecazkar vəhdəti tamaşaçılara unudulmaz anlar yaşadıb. İfaçılar böyük alqışlarla qarşılanıb, tamaşaçıların sevgi və rəğbəti konsertə xüsusi ovqat qatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az