2026-cı il oktyabrın 30-dan noyabrın 1-dək Bakıda ikinci dəfə "Fly to Baku. Art Weekend. Sense the Future NOW" ("Bakıya uç. İncəsənət həftəsonu. Gələcəyi İNDİ hiss et") festivalı keçiriləcək. Festivalın proqramı tamaşaçıları bədii prosesə cəlb edən performanslar, immersiv və interaktiv layihələr də daxil olmaqla, müasir incəsənətin müxtəlif formalarını bir araya gətirəcək.
Festival iştirakçılarının diqqət mərkəzində insan və təbiət arasındakı münasibətlər, ekoloji məsuliyyət, yaddaş, inklüzivlik və gələcək nəsillərə ötürülməli olan irs dayanacaq.
Daş Salnamə Muzeyində Orxan Nəbizadənin Qobustanın qayaüstü təsvirlərindən ilhamlanaraq yaratdığı "Qədim daş, müasir yaddaş" əsəri təqdim olunacaq. Rəssam müasir heykəltəraşlıq dili vasitəsilə Azərbaycanın təbii irsinin beş rəmzinə - Qafqaz bəbirinə, ceyrana, boz qurda, qonur ayıya və imperator qartalına müraciət edir. Bu obrazlar müasir yaddaşın simvollarına çevrilərək bizi gələcək nəsillərə hansı təbii aləmi miras qoyacağımız barədə düşünməyə sövq edir.
Orxan Nəbizadə Trend Life-a müsahibəsində layihənin konsepsiyası, qədim qayaüstü təsvirlərin müasir ekoloji problemlərlə əlaqəsi və biomüxtəlifliyin qorunmasına diqqət çəkməkdə incəsənətin rolu haqqında danışıb.
- "Qədim daş, müasir yaddaş" əsərinin əsas ideyası nədən ibarətdir?
- Əsas ideya daşın yaddaşını müasir dövrün hadisə və problemləri ilə birləşdirməkdir. Daş özlüyündə informasiya daşıyıcısı və yaddaş mənbəyidir. Məqsədim bu yaddaşı yeniləmək, XXI əsrin narahatlıqlarını onda həkk etmək və gələcək nəsillərə bir mesaj ötürməkdir.
- Qobustanın qayaüstü təsvirləri bu əsəri yaratmaq üçün sizə necə ilham verib?
- Qobustanın qayaüstü təsvirləri dövrümüzə qədər gəlib çataraq öz dövrünün insanlarının həyat tərzini, dünyagörüşünü və qayğılarını əks etdirir.
Mənim yanaşmamın əsas məqsədi regionumuzda biomüxtəlifliyin məhvinə səbəb olan prosesləri göstərmək və müasir insanın gələcək üçün yarada biləcəyi problemləri daşın yaddaşında əbədiləşdirməkdir. Bununla da tamaşaçıları vəhşi təbiətə qarşı daha həssas və məsuliyyətli olmağa çağırıram.
- Niyə məhz bu beş heyvanı seçmisiniz?
- Bu beş heyvanın seçilməsi təsadüfi deyil. Azərbaycanın "Böyük beşliyi" adlandırılan bu qrup heyvanlar aləminin ən çox tanınan və yadda qalan nümayəndələrini birləşdirir. Onların arasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər də var. Bu obrazlar vasitəsilə onların qorunmasının vacibliyinə diqqət çəkmək istəyirəm.
- Qədim qayaüstü sənətlə müasir ekologiya arasında hansı əlaqəni görürsünüz?
- Bu gün qədim qayaüstü təsvirləri, ilk növbədə, incəsənət əsərləri kimi qəbul edirik. Halbuki onlar öz dövrünün insanlarının gündəlik həyatından, ehtiyaclarından və inanclarından qaynaqlanıb, daş üzərində əbədiləşdirilib.
Qədim insan qida əldə etmək və sağ qalmaq üçün ov edirdi. Müasir insanın qarşısında isə artıq başqa bir məsuliyyət dayanır: bu heyvanları qorumaq və ekoloji tarazlığı saxlamaq.
Bu baxımdan qədim qayaüstü təsvirlərlə mənim əsərlərim arasında həm oxşarlıq, həm də fərq var. Təsvirlərin özləri bir-birinə bənzəyə bilər, lakin onların arxasında dayanan problemlər və qayğılar tamamilə fərqlidir. Yaratdığım ov səhnələrində bu fərq müasir insanın görünüşü, istifadə etdiyi ov alətləri və peşəkar bədii yanaşma vasitəsilə vurğulanır.
- Bu əsərlər vasitəsilə tamaşaçılara hansı mesajı çatdırmaq istəyirsiniz?
- Müasir ov alətləri, geyim və digər əşyalar, eləcə də ov səhnələri nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanların qorunması məsələsini gündəmə gətirir. Bu obrazlar insanın təbiətə qarşı qəddar münasibətinin yolverilməzliyini göstərir.
Məqsədim müasir insanı daşın yaddaşında təbiəti məhv edən bir varlıq kimi deyil, onu qoruyan və məsuliyyətlə davranan sivil insan kimi iz qoymağa sövq etməkdir.
- Sizcə, gələcək nəsillər təbiətin qorunması üçün hansı məsuliyyəti daşıyırlar?
- İnanıram ki, müasir gənclər gələcək nəsillərə daha sağlam təbii mühitin ötürülməsində və ekoloji problemlərə daha həssas münasibətin formalaşmasında mühüm rol oynayacaqlar.
Mövcud problemlərin incəsənət dili ilə əks etdirilməsi onların müasir sənət ictimaiyyətinin də diqqət mərkəzində olduğunu göstərir. Bu, həmçinin müasir azərbaycanlının öz ölkəsinin təbiətinə biganə qalmadığını nümayiş etdirir.
İnanıram ki, təbiətin qorunmasına yönələn səylər gələcək nəsillər üçün daha sağlam və zəngin ekosistemin yaradılmasına töhfə verəcək.