Bakıda bu binalar sökülür: Kvadratmetrə görə 2 800 manat kompensasiya

27 Oktyabr 2026 13:02

Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş səkkiz binanın sökülməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, yenidənqurma işləri Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli və Rizvan Teymurov küçələrində, eləcə də Babək və Cəmşid Naxçıvanski prospektlərində aparılacaq. Layihə çərçivəsində ərazilərin abadlaşdırılması və yeni parkların salınması da planlaşdırılır.

Məsələ ilə bağlı Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, sakinlərə veriləcək kompensasiya ərazinin yerləşməsindən və infrastrukturundan asılı olacaq. Yaşayış sahələri üçün hər kvadratmetrə 2 000-2 800 manat, qeyri-yaşayış sahələri üçün isə 4 000 manatadək ödəniş nəzərdə tutulur.

Məlumata əsasən, söküləcək binaların əksəriyyəti yataqxanalardır. Onların bir hissəsinin dövlət vəsaiti hesabına sökülməsi, sakinlərin köçürülməsi və boşaldılan ərazilərdə yaşıllıq sahələrinin yaradılması planlaşdırılır.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)