Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)

27 Oktyabr 2026 10:59

İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?

Bu fikirləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməli deyil. Biz bunu bilirik. Biz diqqətimizi daha çox öz ev tapşırığımıza yönəltməliyik. Digər ölkələrdə baş verənlər o insanların, o xalqların öz işidir, bu, bizim işimiz deyil.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27-29-da Bakıda "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması" mövzusunda keçirilir.

Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.

Forumun proqramına sülh və təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq, gənclərin rolu, süni intellekt, yaradıcı iqtisadiyyat, media, mədəni irs və turizm kimi mövzularda müzakirələr daxildir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)