"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)

27 Oktyabr 2026 10:39

27 oktyabr 2026-cı il tarixindən "Həzi Aslanov-İçərişəhər" sahəsində birbaşa hərəkət bərpa olunub.

Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib. Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.

Bununla da "Həzi Aslanov-Əhmədli" mənzilində məkik hərəkət ləğv edilərək "Həzi Aslanov-İçərişəhər" istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olundu. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.

Xatırladaq ki, 1981-1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb.

2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.

_____________

Bu gündən Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində qatarların hərəkəti bərpa olunub.

Bununla da "Həzi Aslanov"-"İçərişəhər" xətti üzrə qatarlar müntəzəm hərəkətə başlayıb. Əvvəllər tətbiq edilən məhdudiyyətə əsasən, qatarlar Həzi Aslanov stansiyasından Əhmədliyə qədər hərəkət edir, daha sonra geriyə qayıdırdı.

Xatırladaq ki, "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Təmir işləri ilə əlaqədar qatarların hərəkəti məhdudlaşdırılmışdı.

Yenidənqurma çərçivəsində dalan infrastrukturu yenilənib, yollar altı vaqonlu qatarların qəbulu üçün uzadılıb.

Müəllif: Mina Mikayılova