30 oktyabr - 1 noyabr tarixlərində Bakıda ikinci dəfə "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı keçiriləcək. Festival çərçivəsində şəhərin müxtəlif məkanlarında beynəlxalq və Azərbaycan müasir incəsənətini əhatə edən sərgi layihələri təqdim olunacaq.
Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin rəhbərliyi ilə təşkil olunan Art Weekend üç gün davam edəcək. Sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və mədəniyyətləri bir araya gətirərək ziyarətçilərə yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək haqqında düşünmək imkanı yaradacaq.
Festivalın iştirakçılarından biri olan Elvin Nəbizadə Daş Salnaməsi Muzeyində "Məsuliyyət radiusu" adlı interaktiv əsərini təqdim edəcək. İnstallasiya insanla vəhşi təbiət arasındakı görünməz əlaqəni araşdırır, fərdi davranışı və kollektiv məsuliyyəti birbaşa fiziki təcrübəyə çevirir.
Trend Life-a müsahibəsində Elvin Nəbizadə əsərin əsas ideyası, Qafqaz bəbirinin və ceyranın obrazlarının simvolikası, eləcə də ziyarətçilərin installyasiya ilə qarşılıqlı əlaqəsinin insan əməllərinin nəticələrini dərk etməyə necə kömək etməsi barədə danışıb.
- "Məsuliyyət radiusu" əsərinin əsas ideyası nədir?
- "Məsuliyyət radiusu" insanın təbiət qarşısında məsuliyyətini və öz hərəkətlərinin nəticələrini dərk etməsinin vacibliyindən bəhs edən interaktiv installyasiyadır. İnsan təbiətə yalnız birbaşa müdaxiləsi ilə deyil, həm də məkandakı mövqeyi və hərəkətləri ilə təsir göstərir. Bəzən qorumaq və ya daha yaxından görmək istədiyimiz canlıya mane olmamaq üçün bir addım geri çəkilmək lazımdır. Məhz bu ziddiyyətlə tamaşaçını üz-üzə qoymaq istəyirəm.
- İnstallyasiya üçün nə üçün məhz Qafqaz bəbirinin və ceyranın obrazlarını seçmisiniz?
- Qafqaz bəbiri və ceyran bölgəmizin təbii irsini və vəhşi təbiətin həssaslığını simvolizə edir. Bu obrazlar həmçinin insanla ətraf aləm arasındakı mürəkkəb münasibətlərə işarə edir. Əsərdə onlar sadəcə heyvan təsvirləri deyil, tamaşaçını öz mövqeyi və təbiətə münasibəti haqqında düşünməyə sövq edən simvollardır. Mən diqqəti yalnız ayrı-ayrı növlərə deyil, onların yaşadığı bütöv ekosistemə yönəltmək istəyirdim.
- Ziyarətçilərin hərəkətləri heykəllərin görünməsinə necə təsir edir?
- Heykəllər müəyyən bucaq altında yönəldilmiş işıq sayəsində görünür. Tamaşaçı heyvan təsvirinə yaxınlaşdıqda bədəni ilə işığın qarşısını kəsir və heyvan qaranlıqda yox olur. İnsan bir addım geri çəkilən kimi təsvir yenidən görünür.
Beləliklə, ziyarətçi öz hərəkətinin nəticəsini birbaşa hiss edir və mövqeyini dəyişməklə nəticəyə təsir göstərə biləcəyini anlayır. Mənim üçün vacibdir ki, bu, sadəcə əsərin ideyası haqqında izah deyil, tamaşaçının şəxsən yaşadığı bir təcrübəyə çevrilsin.
- İdeyanı çatdırmaq üçün nə üçün məhz işıq və kölgəni seçmisiniz?
- İşıq və kölgə görünənlə görünməyən arasındakı münasibəti ən aydın şəkildə ifadə edir. Bu əsərdə işıq heyvanı görünən edir, insan isə özü də fərqinə varmadan onun qarşısını kəsir.
Beləliklə, insanın niyyəti ilə hərəkətinin nəticəsi arasında ziddiyyət yaranır. Əsərin əsas fikri də bundan ibarətdir: öz təsirini dərk etmək üçün bəzən sadəcə mövqeyini dəyişmək kifayətdir.
- Sizcə, təbiəti qorumaq üçün insan ilk növbədə davranışında nəyi dəyişməlidir?
- İnsan özünü təbiətdən ayrı bir varlıq kimi qəbul etməməli və özünü təbiətdən üstün tutmamalıdır. Ətraf mühitə qayğı gündəlik seçimlərdən, istehlak vərdişlərindən və canlılara münasibətdən başlayır.
Əsas məsələ öz əməllərimizin nəticələri haqqında düşünməkdir. Zərər vermək niyyətimiz olmasa belə, hərəkətlərimiz mənfi nəticələrə səbəb ola bilər. Məsuliyyət yalnız xoş niyyətdən ibarət deyil, həm də həmin niyyətin nəyə gətirib çıxardığını anlamaqdır.
- İnstallyasiya ilə qarşılıqlı əlaqə zamanı tamaşaçılarda hansı reaksiyanı yaratmaq istərdiniz?
- İstərdim ki, tamaşaçı öz hərəkətlərinin nəticələrini özü kəşf etsin: yaxınlaşanda heyvanın necə yox olduğunu, geri çəkiləndə isə yenidən göründüyünü müşahidə etsin.
Mənim üçün vacibdir ki, insan əsərin yanından yalnız təbiəti qorumağın zəruriliyi haqqında düşüncə ilə deyil, həm də özünə ünvanladığı şəxsi bir sualla ayrılsın:
Görəsən, mən hansı hallarda özüm də fərqinə varmadan nəyinsə görünməsinə, yaşamasına və ya sadəcə mövcud olmasına mane oluram?
Əgər əsər tamaşaçıda belə bir sual yarada bilsə, deməli, məqsədinə çatıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)