8 saatlıq yuxu qaydası dəyişir

19 Noyabr 2026 20:00

Böyüklərin gündə ən azı 8 saat yatmalı olduğu barədə geniş yayılmış fikir yenidən müzakirə mövzusuna çevrilib. Yeni araşdırmalar göstərir ki, bəzi insanlar üçün 6 saatlıq keyfiyyətli yuxu da kifayət edə bilər.

Milli.Az xəbər verir ki, "Brain Medicine" jurnalında dərc olunan və müxtəlif elmi tədqiqatları əhatə edən məqaləyə görə, ideal yuxu müddəti hər kəs üçün eyni deyil.

ABŞ Milli Yuxu Fondu 26-64 yaş arası böyüklərə gündə 7-9 saat yatmağı tövsiyə edir. Bununla belə, bəzi insanlar üçün 6-10 saatlıq yuxunun da normal hesab edilə biləcəyi bildirilir.

Mütəxəssislər vurğulayırlar ki, yuxu sağlamlığını müəyyən edən yeganə amil onun müddəti deyil. Süni işıq bioloji saatın fəaliyyətinə təsir göstərərək yuxuya getmə və oyanma vaxtlarını dəyişə bilər. Xüsusilə növbəli iş rejimində çalışanlar və universitet tələbələri arasında müşahidə olunan nizamsız yuxu sağlamlıq problemləri ilə əlaqələndirilir.

Araşdırmalara əsasən, həftə ərzində itirilən yuxunun bir hissəsini həftəsonu kompensasiya etmək, ümumiyyətlə yuxu çatışmazlığını aradan qaldırmamaqdan daha yaxşı ola bilər. Bu baxımdan həm yuxu rejiminin sabitliyi, həm də həftəlik ümumi yuxu müddəti əhəmiyyət daşıyır.

Bəzi araşdırmalarda beyin və bədən göstəriciləri əsasında ideal yuxu müddətinin 6,4-7,8 saat arasında olduğu ehtimal edilir. Bu isə 8 saatlıq yuxunun hər kəs üçün mütləq norma olmadığını göstərir.

Digər tərəfdən, tədqiqatlar həm az, həm də həddindən artıq yuxunun ürək xəstəlikləri, insult, koqnitiv geriləmə və piylənmə ilə əlaqəli olduğunu ortaya qoyur. Lakin uzunmüddətli yuxunun bu xəstəliklərə səbəb olduğu, yoxsa onların ilkin əlaməti kimi meydana çıxdığı hələ dəqiq müəyyən edilməyib.

Müəllif: Mina Mikayılova