Bakıdan İrana sərt mesaj: “Əvvəl öz problemlərinizi həll edin”

26 Oktyabr 2026 10:59

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı açıqlaması təəccüb və təəssüf doğurur.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, İran rəsmisinin açıqlaması tamamilə yersizdir və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil.

" Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır", - açıqlamada vurğulanıb.

Nazirlik İran rəsmilərinə başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrinin problemləri ilə məşğul olmağı tövsiyə edib.

Bildirilib ki, İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir.

Açıqlamada diqqətə çatdırılıb ki, İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.

Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya nazirinə, eləcə də bu mövzuda İranda çıxış edən digər şəxslərə Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, məhz bu problemlərlə məşğul olmağı və onilliklərdir davam edən ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görməyi tövsiyə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)