FİFA prezidenti Canni İnfantino Misli Premyer Liqasının 9-cu turunda keçirilən "Sabah" - "Qarabağ" oyunu (0:0) ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, İnfantino paylaşımında Bakıdakı qarşılaşmadan məmnunluğunu ifadə edib.
"Bu gün Bakıda Azərbaycan futbolunun necə gözəl nümayişinin şahidi olduq! "Sabah" və "Qarabağ" gərgin mübarizə şəraitində keçən oyunda xalları bölüşdülər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Süleyman Həsən Vaberi, FİFA Şurasının üzvləri Yohanna Vud və Rodolfo Vilyalobos, həmçinin "Sabah"ın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə olmaqdan məmnun oldum.
Belə möhtəşəm atmosfer yaratdıqlarına görə hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları necə birləşdirdiyini və sevinc bəxş etdiyini bir daha sübut etdi", - o qeyd edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)