Müəllifin ilk kitabı olan "Pampuşun səyahəti" uşaqları balaca bir buludun maraqlı dünyasına, səyahətə dəvət edir. Səyahət boyu bulud öz təcrübələrindən, müşahidələrindən və hisslərindən danışır, uşaqları özlərini olduqları kimi qəbul etməyə, hisslərini anlamağa dəvət edir, ətraf aləmə daha diqqətlə baxmağa, hər gün yeni şeylər öyrənməyə və dünyanı kəşf etməyə həvəsləndirir.
Kitab oxucularına fərqlilikləri qəbul etməyin, xəyal qurmağın, insanın öz daxili aləminə səyahət etməsinin vacibliyini xatırladır.
Müəllif hekayə vasitəsilə həm balaca oxucuların, həm də onlarla birlikdə kitabı oxuyan böyüklərin diqqətini rəqəmsal vasitələrdən təbiətin gözəlliklərinə yönəltməyə çalışır, uşaqları öz hisslərini tanımağa və ifadə etməyə təşviq edir. Həmçinin kitab səmanın, buludların, eləcə də hisslər aləminin böyüklərlə uşaqlar arasında səmimi bir söhbət mövzusuna çevrilə biləcəyini xatırladır və hər kəsi insanın daxili dünyasının zənginliyini kəşf etməyə dəvət edir.
"Pampuşun səyahəti" buludlardan ilhamlanan "Cloud Art" yaradıcılıq layihəsinin bir hissəsi olaraq ərsəyə gəlib. Həm uşaqlara, həm də böyüklərə xitab edən layihə insanları səmaya daha diqqətlə baxmağa, buludların formasında müxtəlif obrazlar görməyə və gündəlik həyatın içində gizlənən gözəllikləri kəşf etməyə dəvət edir. Layihənin məqsədi təbiətlə insan arasında mənəvi bağ yaratmaq və yaradıcılığı təşviq etməkdir.
Milli.Az