"Qarabağ" Misli Premyer Liqasının 9-cu turu çərçivəsində "Sabah"la qolsuz heç-heçə edib.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra matç haqda fikirlərini bölüşüb:
"Maraqlı oyun alındı. Yaxşı mübarizə və dinamika var idi. Son dəqiqələrə qədər temp yüksək səviyyədə oldu. Qarşımızda çox yaxşı, formalaşmış rəqib var idi. Çempionlar Liqasında oynadıqdan sonra daha sərbəst çıxış edirdilər. Texniki səhvlərimiz çox olsa da, futbolçular mübarizədən qopmadılar. Sonadək oynamağa çalışdılar. Daha yaxşı formada olmalı, idman formamızı yüksəltməliyik. Çoxdandır bu stadionda oynamırdıq. Çox gözəl təmir olunub, atmosfer də əla idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm".
- "Qarabağ"ın uzun müddətdir "Sabah"a qalib gələ bilməməsi futbolçulara psixoloji təsir göstərirdi?
- Belə hallar olur. Amma bu, normal prosesdir. Dünya futbolunda da belə hallara rast gəlinir. Bu barədə düşünmədən oyuna hazırlaşmışdıq.
- Martin Zlomisliç nə vaxt sıraya dönəcək? Zədəsi nə ilə bağlıdır?
- Yəqin ki, qarşıdakı günlərdə məşqlərə başlayacaq. Əzələ problemidir.
- Cəmi üç əvəzetmədən istifadə etdiniz. Ehtiyat qüvvə istədiyiniz səviyyədə deyildi, yoxsa başqa səbəb var idi?
- Düzünü desəm, bəzi dəyişiklikləri düşündüm. Amma temp elə idi ki, oyunu dayandırmaq və balansı pozmaq istəmədik. Matçın gedişində tempin qorunmasını istəyirdik.
- Joni Montiel komandadan getmişdi, sonra geri qayıtdı. Hazırda vəziyyəti necədir?
- Zədəlidir. "Neftçi" ilə matçın son dəqiqələrində əzələ ağrısı hiss etmişdi. Bu həftə məşqlərə qoşulmamışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)