Hər gün 8-ci kilometr bazarının yaxınlığından keçəndə eyni mənzərə ilə qarşılaşıram. Yolun kənarında, bir daşın üstündə əyləşən yaşlı qadın gəlib-gedənləri səsləyir: kolbasa almağa dəvət edir. Qarşısında isə sellofan torbalara qoyulmuş, açıq havada saxlanılan kolbasalar düzülüb. Nə soyuducu var, nə də məhsulları istidən, tozdan qoruyan xüsusi şərait...
İlk baxışdan adi küçə ticarəti təsiri bağışlayan bu mənzərə məndə bir neçə sual yaradır: Bu qadın kimdir? Kolbasaları haradan alır? Bəs bu məhsulların saxlanma şəraiti nə dərəcədə təhlükəsizdir?
Suallarımın cavabını tapmaq üçün onunla söhbət etməyə qərar verirəm. Tanış oluruq. Adı Rəhilədir. Özünün dediyinə görə, 70 yaşı var. Ancaq söhbət əsnasında məlum olur ki, qarşımda əyləşən bu qadının həyat hekayəsi küçədə kolbasa satmaqdan xeyli fərqlidir.
Rəhilə xanım vaxtilə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda elmi işçi kimi çalışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. İndi isə günlərini bazarın yaxınlığında, daşın üstündə əyləşərək keçirir. Deyir ki, təqaüdə çıxandan sonra darıxmağa başlayıb, bazara gəlməsi də bir növ vaxtını keçirmək üçündür.
- Pensiyamdan narazı deyiləm, 500 manat alıram. Açığı, mən elmi işçi işləyəndə də kolbasa satırdım. 28 yaşımda ərimi itirmişdim. İki uşağım var idi, onları saxlamalı idim. İndi də həm oğluma kolbasa verildiyi, həm də darıxdığım üçün bazara gəlib satıram.
Rəhilə xanımın sözlərinə görə, oğlu Keşlədəki kolbasa zavodunda işləyir. Əməkhaqqının bir hissəsini məhsulla alır. Ana da həmin kolbasaları götürüb, bazarın yaxınlığında satır.
- "Necə dolanaq, başqa yolumuz yoxdur. Narahat olmayın, bu gün istehsal olunub, keyfiyyətlidir", - deyə o, məhsulunun təzəliyinə əminliklə inandırmağa çalışır.
Qadının qarşısındakı kolbasaların qiymətinə nəzər salıram. 994 qramlıq məhsul 6 manata, 620 qramlıq kolbasa isə 5 manata təklif olunur. Qiymətlər, doğrudan da, alıcının diqqətini çəkəcək qədər münasibdir.
Kolbasaların üzərindəki etiketlərdə istehsal tarixləri də təzə görünür. Amma məhsulların açıq havada, sellofanların içərisində saxlanılması istər-istəməz suallar doğurur. Etiketdəki tarix nə qədər təzə olsa da, bu, məhsulun düzgün temperatur şəraitində saxlanıldığını öz-özlüyündə təsdiqləmir.
Rəhilə xanım isə narahatlığımı hiss etmiş kimi əlini sinəsinə qoyaraq and içir:
- Mən özüm də bu məhsullardan yeyirəm. Hələ heç kim zəhərlənməyib.
Söhbətimizin sonunda Rəhilə xanım sellofanın içində qalan sonuncu kolbasanı mənə uzadır. Bu dəfə qiyməti 6 manat deyir. Ardınca isə həyatının başqa səhifəsini açır. Sanki bir anlıq bazarın səs-küyündən uzaqlaşır, keçmişinə qayıdır:
- Mənim elmi məqalələrim yapon dilində çap olunurdu. Bilirsiniz arxivdə nə qədər elmi məqaləm var? Mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmişəm.
Bu sözləri deyərkən onun səsində keçmişinə duyduğu qürur hiss olunur. Qarşımızdakı daş onun üçün həm oturacaq, həm də gündəlik qazancının başlandığı yerdir.
Söhbətimiz bitir. Soyuqdan üşüyən Rəhilə xanım yenidən müştərilərini səsləməyə başlayır. Yanındakı satıcılarla söhbətləşir, gülür, danışır. Bazarın gündəlik həyatına qarışır.
Bir tərəfdə 70 yaşlı qadının keçmişindən qalan elmi məqalələr, o biri tərəfdə isə sellofan torbalarda müştəri gözləyən kolbasalar... /musavat.com
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)