Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi kibertəhdidlərlə mübarizə və yeni əməkdaşların cəlb edilməsi məqsədilə stolüstü oyun hazırlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Həyəcan rejimi: Qırmızı" adlı layihə "Hidden Games" nəşriyyatı ilə birgə hazırlanıb. Oyunun təqdimatı Essendə keçirilən ixtisaslaşmış sərgidə baş tutub.
Əks-kəşfiyyat və kibertəhlükəsizlik mövzularını əhatə edən kooperativ detektiv oyunu 14 yaşdan yuxarı, altı nəfərədək iştirakçı üçün nəzərdə tutulub.
Oyunun süjetinə görə, iştirakçılar kritik infrastruktur obyektləri üzərində çalışan hidrotexnika mühəndisinin şübhəli ölümünü araşdırmalıdırlar. Araşdırma zamanı adi hadisə milli təhlükəsizlik böhranına çevrilir və əks-kəşfiyyatın müdaxiləsini tələb edir.
İştirakçılar tapşırıqları yerinə yetirərkən şifrələnmiş rabitə və pilotsuz uçuş aparatlarından istifadə kimi mövzularla tanış olurlar.
Qurumun nümayəndəsinin sözlərinə görə, oyunun hazırlanması yeni kommunikasiya strategiyasının bir hissəsidir. Təhlükəsizlik orqanları bu yolla vətəndaşları casusluq, ekstremizm və internetdə manipulyasiya riskləri barədə məlumatlandırmaq, eyni zamanda gənclərin qurumun fəaliyyətinə marağını artırmaq istəyirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)