1990-cı illərdə Moldovanın ən böyük cinayətkar qruplaşmalarından birinə rəhbərlik etmiş, "Bobyor" ləqəbli kriminal avtoritet Yuri Radulov Türkiyədə saxlanıldıqdan sonra Moldovaya ekstradisiya edilib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Yuri Radulov bir neçə sifarişli qətldə təqsirli bilinən cinayətkar qruplaşmaya rəhbərlik edib və ömürlük həbs cəzasına məhkum olunub.
O, 2004-cü il martın 1-də 10 qətl və 11 qətlə cəhdə görə ömürlük həbs cəzası alıb.
Lakin 2025-ci ildə Moldova Prezidenti Maya Sandunun hakim partiyasının qəbul etdiyi amnistiya qanunu əsasında azadlığa buraxılıb. Həmin vaxt o, ömürlük həbs cəzasının təxminən 24 ilini çəkmişdi.
2025-ci il martın 10-da məhkəmə onun şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib. Lakin kriminal avtoritet cəmi 6 gün sonra, martın 16-da Moldovanı tərk edib.
Kriminal avtoritetin azadlığa buraxılması Moldovada ciddi qalmaqala səbəb olub. Ölkə hakimiyyəti baş verənləri səhv adlandırıb.
Qalmaqaldan sonra Moldovanın penitensiar sisteminin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
2025-ci il aprelin 10-da apellyasiya məhkəməsi Radulovun azadlığa buraxılması barədə qərarı ləğv edib. Həmin ilin mayında Moldova hakimiyyəti onun ekstradisiyası üçün Türkiyəyə rəsmi müraciət göndərib.
Qalmaqaldan sonra Moldova Konstitusiya Məhkəməsi ömürlük həbs cəzasının amnistiya yolu ilə yüngülləşdirilməsinə imkan verən qanun müddəalarının qüvvəsini dayandırıb. Parlament isə bu cür məhkumların azadlığa çıxmasının qarşısını almaq üçün qanunvericiliyə təcili dəyişikliklər edib.
2026-cı il oktyabrın əvvəlində Türkiyə polisi Radulovu saxlayıb. Oktyabrın 23-də isə o, İnterpol əməkdaşları və Moldovanın "Fulger" xüsusi təyinatlılarının müşayiəti ilə təyyarə vasitəsilə Kişinyova gətirilib.
Kriminal avtoritet paytaxtdakı 13 saylı həbsxanaya yerləşdirilib və ömürlük həbs cəzasını çəkməyə davam edəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)