İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"

25 Oktyabr 2026 03:03

Karyera məsləhətçiləri və təcrübəli HR mütəxəssisləri bildirirlər ki, iş görüşmələrində hər şeyi kor-koranə olduğu kimi demək namizədlərin elə yerindəcə kəsilməsinə səbəb olur. Müsahibədə həddindən artıq şəffaf olmaq peşəkarlıq kimi deyil, korporativ risk kimi qəbul edilir.

Milli.Az iş təklifi almaq şansını artıran və qəbul edilən 3 strateji gedişatı təqdim edir:

1. "Əvvəlki işimdən inkişaf və yeni fürsətlər üçün ayrıldım"
Tələ sual: "Köhnə işinizdən niyə ayrıldınız?"

Həqiqət: Toksik rəhbərlik, mobbinq, aşağı maaş və ya iş yoldaşları ilə münaqişə ola bilər.

Taktika: Mülakatda köhnə şirkəti və ya rəhbəri tənqid etmək sizi "problem yaradan işçi" kimi göstərir. Köhnə problemləri gizlədərək "Mövcud vəzifəmdə qarşıma qoyduğum layihələri tamamladım, karyeramda yeni böyümə və inkişaf axtarışındayam" demək ən doğru yanaşmadır.

2. "Həmişə bu sektorda və sizin şirkətdə işləməyi hədəfləyirdim"
Tələ sual: Şirkətə olan marağınız.

Həqiqət: Həmin həftə onlarca başqa elana müraciət etmiş ola bilərsiniz.

Taktika: "Çarəsizlikdən iş arayıram, bura da rast gəldi" təəssüratı dərhal ələnməyə gətirib çıxarır. Şirkətin layihələrinə, missiyasına xüsusi marağınız varmış kimi davranmaq və bu pozisiyanı tək hədəf kimi göstərmək korporativ mənsubiyyət hissi yaradır.

3. "Ən böyük zəifliyim işi bitirmədən rahatlaşa bilməməyimdir"
Tələ sual: "Zəif tərəfləriniz hansılardır?"

Həqiqət: Səhər tez oyanmaqda çətinlik çəkmək, işləri təxirə salmaq və ya tənqidə dözümsüzlük.

Taktika: Real şəxsi qüsurları demək peşəkar intihardır. Bunun əvəzinə doğru idarə olunduqda müsbət xüsusiyyətə çevrilən cavablar verin. Məsələn: "Bəzən detallara həddən artıq qapılıram, amma bunu vaxt planlaması ilə həll edirəm" və ya "Tapşırıqları bölüşdürməkdə (deleqasiya etməkdə) çətinlik çəkirdim, artıq komandadan dəstək almağı öyrənmişəm".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)