Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38

Heyva kəsildikdən qısa müddət sonra rəngini dəyişərək qəhvəyiyə çevrilir. Mətbəxdə tez-tez rast gəlinən bu təbii proses havanın meyvə ilə təması nəticəsində başlayır və bir neçə sadə üsulla bunun qarşısını almaq mümkündür.

Milli.Az xəbər verir ki, heyva kəsildikdə hüceyrələri zədələnir və tərkibindəki fermentlər oksigenlə reaksiyaya girir. Fermentativ qaralma kimi tanınan bu reaksiyanın nəticəsində meyvənin səthində qəhvəyi rəng yaranır.

Limon suyunun tərkibindəki sitrik turşusu mühitin turşuluğunu artıraraq qaralmaya səbəb olan fermentlərin fəallığını zəiflədir. Tərkibindəki C vitamini isə oksidləşmə prosesini ləngidir.

Doğranmış heyva dilimlərini istifadə edəcəyiniz vaxta qədər limon suyu əlavə edilmiş soyuq suda saxlamaq hava ilə təması kəsir və rəngini qoruyur.

Evdə limon yoxdursa, 1 litr soyuq suya 1 çay qaşığı duz əlavə edərək eyni effekti əldə edə bilərsiniz. İstifadə etməzdən əvvəl heyvaları yüngülcə yaxalamaq kifayətdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)