"Azernews" qəzetinin baş redaktoru Elnur Ənvəroğlu ABŞ Dövlət Departamentinin akkreditə olunmuş jurnalisti və TRT-nin Vaşinqton bürosunun keçmiş rəhbəri Özgür Taşdana müsahibə verib. Türk dilində gerçəkləşən söhbətdə Azərbaycan məktəblərində gündəmə gələn hicab məsələsi və təhsil müəssisələrindəki daxili intizam qaydaları müzakirə olunub.
Milli.Az xəbər verir ki, Elnur Ənvəroğlu müsahibəsində bildirib ki, məktəblərdə baş örtüyü ilə bağlı yaranan müzakirələr bəzən yanlış istiqamətə yönəldilir və fərqli şəkildə yozulur. Onun sözlərinə görə, bu məsələ İslami dəyərlərə, baş örtüyünə və ya qadınların sərbəst seçim hüququna qarşı hər hansı təzyiq və ya qadağa xarakteri daşımır.
Məsələnin kökündə sırf təhsil müəssisələrində tətbiq olunan vahid geyim forması standartlarının dayandığını vurğulayan E. Ənvəroğlu qeyd edib ki, bu qaydalar əvvəllər də mövcud olub:
"Təəssüf ki, bəzən insanlara verilən tam azadlıq nəticəsində bu daxili qaydalara lazımi səviyyədə riayət olunmadı. Bir qayda varsa, hər kəs ona əməl etməlidir. Lakin qaydalar pozulduqda, bir şəxs fərqli geyim, bəzək əşyaları və ya aksesuarlarla məktəbə gəldikdə, digərləri də bundan nümunə götürərək oxşar şəkildə davranmağa başlayırlar."
Baş redaktor əlavə edib ki, məktəblərdə tətbiq edilən geyim tələbləri dini inanc azadlığını məhdudlaşdırmaq məqsədi daşımır, sadəcə təhsil mühitində bərabərliyi və daxili intizamı təmin etməyə xidmət edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)