Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

24 Oktyabr 2026 12:06

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb.

Milli.Az xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub.

Araşdırmanın nəticələrinə görə, bu müalicəni alan xəstələrdə xərçəngin təkrarlanması və ya ölüm riski yalnız "Keytruda" qəbul edənlərlə müqayisədə 42 faiz aşağı olub.

COVID-19 peyvəndlərində də istifadə olunan mRNT texnologiyasına əsaslanan üsul hər xəstə üçün fərdi hazırlanır. Bunun üçün xəstənin şişindən götürülən nümunə araşdırılır və xərçəng hüceyrələrinə xas xüsusiyyətlər müəyyənləşdirilir. Məqsəd immun sisteminin həmin hüceyrələri tanımasını və onlara qarşı mübarizə aparmasını təmin etməkdir.

Tədqiqatın nəticələri Madriddə keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin toplantısında açıqlanıb. Şirkətlər peyvəndin ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənməsi üçün müraciət etməyə hazırlaşırlar.

Hazırda bu texnologiyanın ağciyər və mədəaltı vəzi xərçəngi kimi digər xərçəng növlərinə qarşı istifadəsi də araşdırılır. Peyvənd hələ eksperimental mərhələdədir və geniş istifadəsi üçün rəsmi təsdiq almalıdır.

Müəllif: Mina Mikayılova