Bakıda FIFA U-15 dünya çempionatı start götürür

24 Oktyabr 2026 09:29

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək.

Tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək.

Dünya çempionatında 189 ölkənin iştirakı ilə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Yarışın açılış və bağlanış mərasimləri, eləcə də ilk və final oyunları "Kristal Zal"da baş tutacaq.

Azərbaycan dünya çempionatında Famil Xəlilovun başçılıq etdiyi U-16 yığması ilə təmsil olunacaq. Komanda "AF" qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə aparacaq. Millimiz turnirdə ilk oyununu bu gün saat 19:30-da Timor-Leste kollektivinə qarşı keçirəcək.

Dünya çempionatının rəsmi açılış mərasimi bu gün saat 19:00-da "Kristal Zal"da təşkil olunacaq.

Qeyd edək ki, FIFA-nın yeni turniri dünyanın müxtəlif ölkələrindən gənc futbol istedadlarını bir araya gətirəcək və bütün üzv assosiasiyalara beynəlxalq səviyyədə mübarizə aparmaq imkanı verəcək. 2028-ci ildən etibarən turnirin oğlanlar və qızlar arasında hər il keçirilməsi planlaşdırılır.

Yarış çərçivəsində innovativ 8x8 formatından istifadə olunacaq və hər hissə 20 dəqiqə davam edəcək.

Turnirdə 3 000-dən çox gənc futbolçunun, məşqçinin və rəsmilərin iştirakı gözlənilir. Komandalar əvvəlcə qrup mərhələsində mübarizə aparacaq, daha sonra nəticələrə əsasən turnirin ikinci mərhələsində altı performans səviyyəsi üzrə bölünəcəklər. Bütün komandalar son oyun gününədək mübarizəni davam etdirəcək, A səviyyəsinin qalibi isə FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu elan olunacaq.

Turnirin əsas məqsədlərindən biri FIFA-ya üzv ölkələrə beynəlxalq yarışlarda iştirak təcrübəsi qazandırmaq və gənc futbolçuların inkişafı üçün şərait yaratmaqdır. Yarışların təşkilində təxminən 250 könüllünün iştirakı nəzərdə tutulur. Azərbaycanın 2027-ci ildə Özbəkistanla birgə FIFA U-20 Dünya Çempionatına ev sahibliyi edəcəyini nəzərə alaraq, U-15 turnirinin ölkədə keçirilməsi beynəlxalq futbol yarışlarının təşkili istiqamətində ardıcıllığın təmin olunmasına da xidmət edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)