Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.
Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-ci illər mövsümündə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxışına görə 250 milyon dollar, reklam müqavilələri və digər biznes layihələrindən isə 50 milyon dollar qazanacaq.
Mənbənin məlumatına görə, gələn il ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən argentinalı hücumçu Lionel Messinin də ümumi qazancı 2 milyard dolları keçəcək.
41 yaşlı Ronaldu UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçular sırasındadır.
Ronaldu 2022-ci ilin dekabrından "Əl-Nəsr" klubunda çıxış edir. Karyerası ərzində o, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında da oynayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)