Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsü sərnişinlə yaşadığı mübahisə və avtobusu saxlaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Milli.Az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videolarla gündəmə gələn sürücü hadisənin bəzi təfərrüatlarının təhrif olunduğunu iddia edib.
O bildirib ki, sərnişinlərdən biri ilə mübahisəsi olsa da, digər sərnişinlərə avtobusdan düşmələrini deməyib.
Sürücünün sözlərinə görə, hadisə oktyabrın 21-də baş verib. Onun iddiasına görə, avtobusa minən sərnişin kondisionerin qoşulmasını tələb edib. Sürücü kondisioneri işə saldıqdan sonra həmin şəxsin avtobusda çox sərnişin olmasına etiraz etdiyini və onunla mübahisə etməyə başladığını deyib.
Sürücü bildirib ki, mübahisə zamanı sərnişin onu təhqir edib və o, dəfələrlə təhqirlərə son qoyulmasını istəyib. Daha sonra avtobusu saxlayaraq sərnişindən ya davranışını dəyişməsini, ya da avtobusu tərk etməsini xahiş edib.
Onun sözlərinə görə, sərnişinin təhqirləri davam etdikdən sonra əsəbi vəziyyətdə avtobusu idarə etməyin təhlükəli olduğunu düşünüb və nəqliyyat vasitəsindən düşüb.
Sürücü qeyd edib ki, hadisə zamanı avtobusda təxminən 50-60 sərnişin olub və onların həyatını təhlükəyə atmaq istəməyib. O, digər sərnişinlərdən düşməyi tələb etmədiyini, yalnız mübahisə etdiyi şəxslə bağlı problem yaşandığını vurğulayıb.
Sürücü əlavə edib ki, hadisədən sonra yenidən avtobusa əyləşərək hərəkətini davam etdirib və xidməti vəzifəsini yerinə yetirərkən heç bir pozuntuya yol vermədiyini düşünür.
O, həmçinin sosial şəbəkələrdə ünvanına səsləndirilən ittihamlara münasibət bildirib. Sürücü narkotik istifadəçisi kimi təqdim edilməsinə etiraz edib və işə qəbul zamanı müvafiq yoxlamalardan keçdiyini deyib.
Sonda sürücü işdən çıxarılması ilə bağlı yayılan məlumatları da təkzib edib. O, hazırda işini davam etdirdiyini bildirib və hadisənin tam görüntülərinin yaxın zamanda "BakuBus" tərəfindən yayımlanacağını gözlədiyini qeyd edib.
Müəllif: Mina Mikayılova