Milli.Az Trend-də dərc olunmuş məqaləni təqdim edir:
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi Bakı ilə Yeni Dehli arasında münasibətlərin inkişafında müsbət dəyişikliklərin əlaməti kimi dəyərləndirilə bilər. Görüş iki ölkənin mövcud əlaqələri nəzərdən keçirməsi, qarşılıqlı maraq doğuran istiqamətləri müəyyənləşdirməsi və əməkdaşlığın yeni imkanlarını müzakirə etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan hər zaman müxtəlif dövlətlərlə konstruktiv dialoqa, qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa hazır olduğunu nümayiş etdirib. Hindistanla münasibətlərin inkişafı da bu yanaşmanın tərkib hissəsidir.
Bir məqam nəzərə alınmalıdır ki, hazırda beynəlxalq münasibətlər sistemində ölkələr arasında tərəfdaşlıq yalnız tarixi yaxınlıqla məhdudlaşmır. İqtisadi maraqlar, texnoloji inkişaf və qlobal məsələlərə baxış tərzi də dövlətlər arasında əlaqələrin formalaşmasında mühüm rol oynayır. Bu aspektdən baxıldığı zaman Azərbaycan və Hindistanın Qlobal Cənubun bir hissəsi kimi beynəlxalq gündəlikdəki məsələlərə dair ortaq maraqlardan çıxış etməsi əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Prezident İlham Əliyevlə Hindistanın xarici işlər naziri arasında keçirilən görüşdə də Qlobal Cənub ölkələrini narahat edən məsələlərə toxunulması bu istiqamətin əhəmiyyətini göstərir.
İqtisadi sahədə əməkdaşlıq münasibətlərin inkişafı üçün xüsusi perspektivlər vəd edir. Hindistan şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı iki ölkə arasında iqtisadi əlaqələrin mövcudluğunu göstərən amillərdən biridir. Azərbaycanda keçirilən son investisiya forumunda ölkə iqtisadiyyatına 125 milyon dollar həcmində sərmayə yatıran şirkətlər arasında Hindistan şirkətinin də olması bu baxımdan önəmlidir. Belə nümunələr Hindistan biznes sektorunun Azərbaycan bazarına marağını və iqtisadi tərəfdaşlığın inkişaf potensialını nümayiş etdirir.
Əməkdaşlığın perspektivli istiqamətlərindən biri də yüksək texnologiyalar və rəqəmsal infrastrukturdur. Hindistan bu sahələrdə müəyyən inkişaf yolu keçib və rəqəmsal həllərin tətbiqi, texnoloji innovasiyalar, informasiya texnologiyaları üzrə geniş təcrübəyə malikdir. Azərbaycanın da rəqəmsal iqtisadiyyatın inkişafına, dövlət xidmətlərinin modernləşdirilməsinə və innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirməsi bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır. Təcrübə mübadiləsi, birgə layihələr və biznes əlaqələrinin qurulması hər iki ölkəyə yeni imkanlar qazandıra bilər.
Turizm də Azərbaycan-Hindistan münasibətlərinin inkişafında mühüm istiqamətlərdən biri ola bilər. Qarşılıqlı səfərlərin təşviqi, turizm şirkətləri arasında əlaqələrin genişləndirilməsi və birbaşa təmasların artırılması bu sahədə əməkdaşlığın daha da inkişafına kömək edə bilər. Bununla yanaşı, siyasi dialoqun davamlılığı ikitərəfli münasibətlərin gələcək inkişafı üçün vacib şərtdir. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili, iqtisadi və biznes nümayəndə heyətləri arasında təmasların intensivləşdirilməsi də bu prosesə töhfə verə bilər.
Nəticə olaraq demək olar ki, Azərbaycan və Hindistan münasibətləri yalnız tarixi bağlara dayanmır, həm də real iqtisadi maraqlara söykənir. Enerji, investisiya, texnologiya və turizm kimi sahələrdə birgə addımlar hər iki ölkə üçün faydalıdır. Bu potensialın düzgün qiymətləndirilməsi Bakı ilə Yeni Dehli arasında əməkdaşlığı daha da gücləndirəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)