“Trabzonspor”un ulduzu qələbədən sonra qəzaya düşdü – Ailəsi də avtomobildə olub

23 Oktyabr 2026 13:53

Türkiyənin "Trabzonspor" klubunun kamerunlu qapıçısı Andre Onana "Harts"la keçirilən matçdan sonra yol-nəqliyyat hadisəsi ilə üzləşib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, futbolçunun idarə etdiyi avtomobil hərəkətdə olarkən arxadan gələn başqa bir maşının zərbəsinə məruz qalıb. Toqquşmadan sonra Onananın avtomobili qarşısındakı nəqliyyat vasitəsinə çırpılıb və nəticədə zəncirvari qəza baş verib.

Hadisə zamanı qapıçının ailə üzvlərinin də avtomobildə olduğu bildirilib. Xoşbəxtlikdən, Onana və onun yaxınları qəzadan xəsarətsiz çıxıblar.

Qeyd edək ki, "Trabzonspor" UEFA Konfrans Liqasının əsas mərhələsində Şotlandiyanın "Harts" komandasını öz meydanında 2:0 hesabı ilə məğlub edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)