Həyat hər zaman insanları sınağa çəkir. Kimlərsə çəkildiyi sınaqdan alnıaçıq, kimlərsə xəcalətli çıxır. Mənim tanıdığım Aslan Aslanov Tanrının ona bəxş etdiyi həyatın sınaqlarından hər zaman üzüağ çıxan şəxsiyyətlərdəndir. Aslan müəllim həm də ona görə xoşbəxtdir ki, o, istər işlədiyi dövrdə, istərsə də təqaüdə çıxdığı dövrdə eyni hörmət və ehtiramla qarşılanır. Çünki hörmət və ehtiram qarşılıqlı olanda insanlar bir-birlərini doğma və yaxın hiss edir, hər zaman bir-birlərini görmək arzusunda olurlar.
Məndən yaşca böyük olan, mətbuat aləmində böyük nüfuz qazanmış, Ağcabədi rayon qəzetindən, dövlətin rəsmi xəbər agentliyi olan AzərTacın rəhbəri kimi şərəfli yol keçən Aslan müəllimlə eyni kollektivdə işləməsəm də, hər görüşdə ondan bir doğmalıq hiss etmişəm. Aslan müəllimlə ilk tanışlığımız mənim 1998-ci ildə "Xalq qəzeti"ndə işlədiyim dövrdən başlayır. Həmin vaxt "Xalq qəzeti" AzərTac-la bir binada yerləşirdi. İstər-istəməz günün müəyyən saatlarında binanı giriş-çıxışında rastlaşır, salamlaşıb sağollaşırdıq. Fikirləşirdim ki, yəqin ki, Aslan müəllim mənim kim olduğumu, adımı, redaksiyada nə işlə məşğul olduğumu bilmir, sadəcə nəzakət xatirinə salamlaşır. Sən demə, onun "Xalq qəzeti"nin bütün əməkdaşları haqqında, kimlərin hansı mövzularda yazdıqları barədə ətraflı məlumatı var imiş. "Xalq qəzeti"ndə işlədiyim 6 il ərzində mən qəzetdə analitik yazılar yazır, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi və tariximizin qaranlıq səhifələrini işıqlandırırdım. Gündəlik mətbuatı izləyən Aslan müəllim mənim tez-tez dərc edilən məqalələrimi oxuyaraq haqqımda müəyyən qənaət formalaşdırıbmış.
Mən 2004-cü ilin sonunda "Xalq qəzeti"ndən ayrılıb Prezident Kitabxanasında işə başladım. Bundan sonra mən Aslan müəllimi yalnız Ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər zamanı onu müşayiət edən jurnalistlərin arasında və digər dövlət tədbirlərində ekrandan görürdüm.
Uzun müddətdən sonra Aslan müəllimlə görüşümüz 2013-cü ildə Ulu öndərin anadan olmasının 110 illiyi münasibətlə Prezident Kitabxanasının AzərTacla birgə hazırladığı tədbir zamanı oldu. Tədbir iştirakçılarına Prezident Kitabxanası "Heydər Əliyev. Elektron sənədlər toplusu" layihəsini, AzərTac isə Heydər Əliyevin ömür yolundan bəhs edən fotoxronikanı təqdim edirdi. Tədbirdən bir gün öncə hazırlığın vəziyyətini öyrənmək məqsədilə Aslan müəllim Kitabxanaya gəlmişdi. O, şöbə müdiri olduğum otağa daxil olanda məni görən kimi direktor Mayıl Əhmədova üz tutub dedi ki, Nazim Mustafa sizin Kitabxana üçün tapıntıdır. Aslan müəllim mənim yazılarımı müntəzəm izlədiyini və onların əhəmiyyətini vurğuladı. Qısaca da olsa, söhbət etdik.
Aslan müəllimlə növbəti görüşümüz 2026-cı il iyunun 30-da yenə Prezident Kitabxanasında oldu. Həmin gün onun müəllifi olduğu təzə işıq üzü görmüş "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" adlanan birinci kitabının müzakirəsi keçirilirdi. Tədbir başlamazdan öncə kitabın elmi məsləhətçisi, tarix elmləri doktoru, professor Dilarə xanım Seyidzadə də gəlmişdi. Onlar İncəsənət zalında birgə söhbət edirdilər. Kitabxananın direktoru Afət xanım Abbasova onlarla həmsöhbət olmaq üçün məni İncəsənət zalına dəvət etdi. Mən içəri daxil olanda Aslan müəllim üzünü Dilarə xanıma tutub dedi ki, Nazim Mustafa təvazökar, olduğu qədər də ciddi və məhsuldar alimdir. Aslan müəllim mənim tədqiq etdiyim mövzuların əhəmiyyəti haqqında xoş sözlər söylədi.
Kitabxananın Konfrans zalında keçirilən təqdimat mərasimində dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak edirdilər. Yüksək səviyyədə keçirilən təqdimat mərasimi və kitabın məziyyəti haqqında mətbuatda ətraflı məqalələr dərc edildi.
Peşəkar qələm ustası Aslan Aslanovun Ulu Öndərin xilaskarlıq missiyasına, dövlət quruculuğuna və diplomatiya sahəsindəki fəaliyyətinə həsr olunmuş həmin kitabını oxuduqdan sonra belə qənaətə gəldim ki, kitabda öz əksini tapan elə məqamlar var ki, onlar Ümummilli liderin şəxsi keyfiyyətlərini, onun xarakterik cizgilərini daha aydın şəkildə oxuculara çatdırılır. Hansı ki, həmin məqamların bir qismi rəsmi informasiya vasitələrində öz əksini tapmamışdır.
Hələ orta əsrlərdə belə qayda mövcud idi ki, dövlət başçılarının səfərlərini, onların hərbi yürüşlərini salnaməçilər müşayiət edirdilər. Salnaməçilər şahidi olduqları hadisələri, diplomatik görüşləri, mühüm tarixi məqamları qeydə alırdılar. Bu gün tarixçilər üçün qiymətli mənbə hesab edilən İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") adlanan üçcildlik əsərində Səfəvi hökmdarı Şah I Abbasın həyat və fəaliyyəti işıqlandırılmaqla yanaşı, həmin dövrün ictimai-siyasi prosesləri, ölkəni iqtisadi mənzərəsi əks etdirilir. Hesab edirəm ki, Aslan Aslanovun bundan sonra da salnamə səciyyəsində işıq üzü görəcəyi kitabları Ümummilli Liderin həyat və fəaliyyətini, Azərbaycan diplomatiyasının keşməkeşli səhifələrini, dövrümüzün real mənzərəsini öyrənənlər üçün qiymətli əyani vasitə olacaqdır.
Müasir Azərbaycanın beynəlxalq münasibətlər və diplomatiya tarixini öyrənənlər üçün belə kitabların canlı şahidlər tərəfindən yazmasının xüsusi əhəmiyyəti vardır.
Bu məsuliyyətli və şərəfli missiyasını uğurla davam etdirməsi üçün Aslan müəllimə möhkəm cansağlığı arzulayıram.
Nazim Mustafa,
tarix üzrə fəlsəfə doktoru,
Dövlət Mükafatı laureatı