Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir

22 Oktyabr 2026 22:42

Azərbaycanın bank sisteminin ümumi aktivləri 2021-ci ildən bəri ildə orta hesabla 11% artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi Moody's-in cümə axşamı açıqladığı hesabatda bildirilib.

Moody's-in Azərbaycan Beynəlxalq Bankı haqqında son hesabatında deyilir: "29 sentyabr 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycanın bank sisteminə 21 bank daxil idi. 31 avqust 2026-cı il tarixinə ölkənin bank sisteminin ümumi aktivləri 62,5 milyard manat təşkil edib. 2021-ci ildən bəri aktivlər ildə orta hesabla 11% artıb".

Reytinq agentliyi qeyd edib ki, 31 avqust 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycanın bank sistemində kreditlərin ümumi həcmi 34,9 milyard manat, müştərilərə verilən xalis kreditlər isə 30,8 milyard manat təşkil edib.

Hesabatda qeyd olunur ki, müştəri depozitləri bank sistemi üçün ən böyük maliyyələşdirmə mənbəyi olub və eyni tarixə olan ümumi öhdəliklərin və kapitalın 67%-ni təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, aktivlərin ÜDM-ə nisbəti 46,7 faizə çatıb.

Məlumata görə, balans artımı əsasən fiziki şəxslərin müddətli əmanətləri hesabına baş verib ki, bu da kredit portfelinin artımını dəstəkləyib.

Moody's əvvəllər qeyd etmişdi ki, Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalır.

"Bu, ölkənin Rusiya ilə məhdud iqtisadi və maliyyə əlaqələrinə, artan neft qiymətləri fonunda artan karbohidrogen gəlirlərinin təmin etdiyi dayanıqlığa və manatın ABŞ dollarına bağlılığının təmin etdiyi sabitliyə bağlıdır", - Moody's bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)